DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ ÜZRƏ DÖVLƏT XİDMƏTİNDƏ YARIM İLİN YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLİB
27.07.2022
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış yeddinci sessiyasında qarşıya qoyulan vəzifələr və 2022-ci ilin birinci yarım ilində görülmüş işlərlə bağlı kollegiya iclası keçirilib.
Xidmətin rəisi Müslüm Cabbarzadə çıxış edərək bilidirib ki, muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaq münasibətlərinin tənzimlənməsi sahəsində qarşıya qoyulmuş vəzifələrin icrası diqqətdə saxlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qəbul etdiyi qərar, fərman və sərəncamlarda qarşıya qoyulmuş tapşırıqlar və qəbul edilmiş dövlət proqramlarında Xidmətə tapşırılmış vəzifələr uğurla icra edilib.
Şərur, Kəngərli və Şahbuz rayonlarında torpaqlardan istifadə vəziyyətinə dair monitorinqlər aparılıb, torpaqların qanunsuz istifadəsinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb. Muxtar respublikanın bütün ərazi vahidləri üzrə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə əkin dövriyyəsindən kənarda qalan, istifadə olunmayan əkinəyararlı torpaq sahələrinin monitorinqi aparılaraq uçotu dəqiqləşdirilib.
Diqqətə çatdırılıb ki, 48 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 30 ailə təsərrüfatının icarəsinə verilmiş 7,34 ha torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.
Qeyd edilib ki, 2022-ci ilin 6 ayı ərzində muxtar respublika üzrə 3565 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 3,5% artıb. Yeni yaranmış 175 daşınmaz əmlak obyektinə ünvan verilib, 2546 texniki sənəd hazırlanıb, səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 45 yaşayış məntəqəsində vətəndaşların müraciətlərinə baxılıb, 573 vətəndaşa elektron xidmətlər göstərilib. Naxçıvan şəhərinin 54-cü, 56-cı, Xətai və Əlincə məhəllələrində sənaye üsulu ilə hazırlanmış 2400-dən artıq ünvan lövhəsi və giriş nömrə nişanının quraşdırılması başa çatdırılıb.
Xidmətin rəisi qeyd edib ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında torpaqların mühafizəsinin təşkili ilə bağlı qarşıya qoyulmuş vəzifələrin yüksək səviyyədə icra edilməsi üçün Xidmətin kollektivi səylə çalışacaqdır.
Məruzə ətrafında çıxışlar dinlənilib, slaydlar vasitəsi ilə görülmüş işlər barədə məlumatlar verilib. Müzakirə olunan məsələlərə dair qərar layihəsi oxunaraq səsə qoyulub və qəbul edilib.
Baxılıb: 262