Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TORPAQLARIN MÜNBİTLİYİNİN ARTIRILMASI İLƏ BAĞLI SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

TORPAQLARIN MÜNBİTLİYİNİN ARTIRILMASI İLƏ BAĞLI SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

30.08.2022

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərinin Əliabad qəsəbəsində torpaq mülkiyyətçiləri, bələdiyyələr və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib.

Seminar - müşavirəni giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Səyyad Əliyev açaraq muxtar respublikada kənd təsərrüfatı sahəsində qazanılmış nailiyyətlər və keçirilən tədbirin əhəmiyyəti barədə məlumat verib.

Seminar - müşavirədə aid təşkilatların nümayəndələri tərəfindən mövcud torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi, kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin bərpa edilməsinin əhəmiyyəti, şoranlaşmaya meylli torpaqlarda pestisid yükünün minimum səviyyəyə endirilməsi, kənd təsərrüfatında innovativ texnologiyaların və mütərəqqi əkin üsullarının tətbiqi, o cümlədən növbəli əkin sisteminin tətbiq edilməsi və düzgün aparılması barədə iştirakçılara məlumat verilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və maarifləndirici bukletlər təqdim olunub. 

Baxılıb: 172