Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ŞAHBUZ RAYONUNDA TORPAQLARDAN QANUNSUZ İSTİFADƏ HALLARININ QARŞISI ALINIR

ŞAHBUZ RAYONUNDA TORPAQLARDAN QANUNSUZ İSTİFADƏ HALLARININ QARŞISI ALINIR

05.08.2022

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şahbuz rayonunda monitorinqlər aparılır.

Cari ilin ötən dövrü ərzində aparılmış yoxlamalar nəticəsində bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin, eyni zamanda yol, kanal və arxların mühafizə zonalarının zəbt edilməsi aşkar edilib, həmin vətəndaşlarla yerli icra nümayəndələri ilə birlikdə fərdi qaydada maarifləndirici söhbətlər aparılıb, vətəndaşlara Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbləri, yəni torpaq sahələrinin özbaşına tutulması, zəbt olunmasının qadağan olunduğu izah edilib.

Monitorinq zamanı rayonun Şahbuz şəhəri və Keçili, Şahbuzkənd, Türkeş, Sələsüz, Daylaqlı, Mərəlik, Kiçikoba, Külüs kəndlərinin ərazisində 500-ə yaxın fiziki şəxs tərəfindən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin zəbt olunması faktı aşkar olunub. Sakinlər tərəfindən qanunsuz istifadə edilən torpaq sahələrinin metal çəpərləri sökülərək əvvəlki vəziyyətinə, yəni bələdiyyə mülkiyyətinə qaytarılıb.

Nəzərə alınmalıdır ki, qeyd olunan qanunsuz hərəkətlərin nəticəsində kənd təsərrüfatına yararlı torpaqların sahəsi azalır, torpaqların məqsədli istifadəsində maneələr ortaya çıxır, qanunsuz tikililərin sayı artır. Unutmaq olmaz ki, belə hallar həm də qanunla cinayət məsuliyyəti yaradır.

Baxılıb: 268