ORDUBAD RAYONUNDA DAŞINMAZ ƏMLAKLA BAĞLI VƏZİFƏLƏR UĞURLA İCRA OLUNUB
10.08.2022
Ordubad rayonunda daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və müdafiəsi sahəsində işlərin daha səmərəli təşkil edilməsi, torpaqlardan təyinatı üzrə istifadəyə və onların mühafizəsinə nəzarətin həyata keçirilməsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən cari ilin iyul ayında diqqət mərkəzində saxlanılıb, operativliyin artırılması istiqamətində işlər mütəşəkkil davam etdirilib.
İdarə tərəfindən müraciətlər əsasında 13 fərdi yaşayış evinin texniki pasportu, 8 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb vətəndaşlara təqdim edilib.
Ay ərzində 8 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 32 arayış hazırlanaraq vətəndaşlara təqdim olunub, texniki sənədlərin hazırlanması zamanı 20 müayinə aktı yazılıb. 18 vətəndaşın şifahi müraciəti ilə əlaqədar əmlaklara yerində baxış keçirilib, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.
Əkin atlaslarına uyğun olaraq əkinlərin keçirilməsinə nail olunması və torpaqlardan səmərəli istifadə edilməsi məqsədilə Ordubad rayonunun Azadkəndində bələdiyyə sədrlərinin, ailə təsərrüfatı başçılarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Rayonun Darkənd və Ağrı kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim edilib.
Baxılıb: 215