AİLƏ TƏSƏRRÜFATLARI İLƏ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB
12.08.2022
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Kənd Təsərrüfat nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində ailə təsərrüfatları və torpaq mülkiyyətçiləri ilə seminar-müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Səyyad Əliyev açaraq aqrar sahədə həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələrdən, muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafına göstərilən dövlət qayğısından danışıb.
Ailə təsərrüfatlarının inkişafı ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında aid təşkilatların nümayəndələri tərəfindən nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə müvafiq mütəxəssis məsləhətləri – ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliği və təşviqi, qablaşdırılması və etiketlənməsi, yaz əkinlərinin əkin atlaslarına uyğun aparılması və növbəli əkin sisteminin tətbiqi barədə məlumatlar ailə təsərrüfatları nümayəndələrinin diqqətinə çatdırılıb.
Ailə təsərrüfatlarına məxsus daşınmaz əmlak obyektlərinin pasportlaşdırılması, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması başqasına keçməsi, məhdudlaşdırılması və xitam verilməsinin əsasları barədə məlumat verilib. Əkin atlaslarına uyğun əkinlərin aparılmasının əhəmiyyəti, torpaqlardan səmərəli istifadə sahəsində qanunvericiliyin tələbləri təsərrüfat sahiblərinin diqqətinə çatdırılıb.
Baxılıb: 244