9 AYDA NAXÇIVAN ŞƏHƏRİ ÜZRƏ 1277 MÜLKİYYƏT SƏNƏDİ QEYDİYYATA ALINIB
18.10.2023
Yanvar-sentyabr ayları üzrə aparılan təhlillər göstərir ki, Naxçıvan şəhərində daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına sakinlərin marağı olduqca artıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən hazırlanan mülkiyyət sənədlərinin sayında 85% artım qeydə alınıb.
İdarə 9 ayda mülkiyyət sənədlərinin hazırlanması üçün daxil olan 1277 müraciəti qeydə alaraq icra edib. Müraciətlərə əsasən ümumilikdə, 826 daşınmaz əmlak obyektinin texniki pasportu vətəndaşlara təqdim edilib ki, bunlardan 573-ü fərdi yaşayış evinə, 228-i mənzilə, 20-si qeyri-yaşayış sahəsinə, 5-i qeyri-yaşayış binasına məxsus olub. Həmçinin, 451 torpaq sahəsinə dair plan və ölçü hazırlanıb, 159 bölgü planı, 119 müayinə aktı tərtib olunaraq arxiv sənədlərinə əlavə edilib.
Bu dövr ərzində qiymətləndirilməsi icra edilən 14 əmlaka dair hesabatlar hazırlanıb. Bələdiyyələrdən daxil olan müraciət əsasında 95 torpaq sahəsinə dair rəy və plan-sxemlər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. 11 vətəndaşın şifahi müraciəti əsasında əmlaklara yerində baxış keçirilib, qanunvericilikdə nəzərdə tutulan tələblər vətəndaşlara izah olunub.
ŞAHBUZDA HAZIRLANMIŞ MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI 2,1 DƏFƏ ARTIB
17.10.2023
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon İdarəsi yanvar-sentyabr ayları ərzində müraciətlərin operativ cavablandırılmasını, rayon ərazisindəki bütün mülkiyyət növləri üzrə torpaqlardan səmərəli və təyinatına uyğun istifadə vəziyyətini nəzarətdə saxlayıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə idarə tərəfindən hazırlanan texniki sənədlərin sayı 2,1 dəfə artıb.
Şöbə tərəfindən 9 ay ərzində 134 fərdi yaşayış evinə, 15 mənzilə, 2 qeyri-yaşayış binasına, 16 qeyri-yaşayış sahəsinə məxsus 167 daşınmaz əmlak obyektinə dair texniki pasport hazırlanıb, 311 torpaq sahəsinə dair plan-ölçü tərtib edilib. Hüquqların dövlət qeydiyyatına alınması üçün ümumilikdə, 470 müraciətə baxılıb.
Hesabatı aparılan müvafiq dövrdə texniki sənədlərin hazırlanması zamanı yerində baxış keçirilən əmlaklara 333 müayinə aktı yazılıb. Məhdudiyyət və yüklülüyə dair 159, əmlakın olub-olmamasına dair 170 arayış verilib, 5 bölgü planı hazırlanıb. 12 dublikat sənəd hazırlanaraq hüquq sahiblərinə təqdim olunub. 2 əmlakın bazar dəyərinə uyğun qiymətləndirilməsi icra edilib, müvafiq hesabatlar hazırlanıb. Vətəndaşlardan daxil olan 21 şifahi müraciətə əsasən əmlaklara yerində baxış keçirilib və qanunvericiliyin tələbləri hüquq sahiblərinə ətraflı izah edilib.
PREZİDENT İLHAM ƏLİYEVİN AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ SEÇİLMƏSİNİN 20 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
16.10.2023
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində keçirilən tədbirdə Xidmətin rəisi Müslüm Cabbarzadə çıxış edərək bildirib ki, dövlətçilik tariximizin son 20 ili dinamik və hərtərəfli inkişaf dövrü, iqtisadi güc və hərbi potensialın yaradılması, böyük uğurlar, möhtəşəm qələbələr, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə xarakterizə edilir. Qazanılan nailiyyətlərin təməlində isə Ulu Öndər Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır.
Qeyd edilib ki, 2003-cü il oktyabrın 15-də xalqın sonsuz inamı və böyük rəğbəti ilə Prezident seçilən cənab İlham Əliyevin ali dövlət vəzifəsində nümayiş etdirdiyi peşəkarlıq və yüksək idarəçilik məharəti sayəsində bu gün ölkəmiz regionun lider dövləti, qlobal miqyaslı söz sahibidir. Ötən 20 il ərzində Prezident İlham Əliyev xalqımıza verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirmiş, Ulu Öndərimiz Heydər Əliyevin arzularının və vəsiyyətinin reallaşmasını təmin edərək doğma Azərbaycanımızı qalib ölkəyə çevirmişdir.
CARİ İLİN DOQQUZ AYI ƏRZİNDƏ MUXTAR RESPUBLİKADA 8 MİNƏ YAXIN DAŞINMAZ ƏMLAK OBYEKTİNİN QEYDİYYATI APARILIB
16.10.2023
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, eləcə də vətəndaşların rahatlığının təmin edilməsi 2023-cü ilin doqquz ayı ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqət mərkəzində saxlanılıb.
Muxtar respublika üzrə yanvar-sentyabr ayları ərzində 7 min 994 daşınmaz əmlak obyekti dövlət reyestrində qeydiyyata alınıb ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,7% çoxdur. Ümumi göstəricinin 2 min 737-si ilkin, 5 min 257-si isə təkrar qeydiyyatdır.
Ötən 9 ayda dövlət reyestrində qeydiyyata alınan daşınmaz əmlak obyektlərindən 3 min 131-i fərdi yaşayış evi, 2 min 888-i torpaq sahəsi, 1421-i mənzil, 257-si qeyri-yaşayış sahəsi, 210-u qeyri-yaşayış binası, 83-ü əmlak kompleksi kimi müəssisə, 4-ü isə çoxmərtəbəli yaşayış binası olub. Əmlakların 3 min 620-si və ya 45,2%-i Naxçıvan şəhəri üzrə, qalanı isə muxtar respublikanın rayonları üzrə qeydiyyata alınıb.
