ŞAHBUZ RAYONUNDA HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYINDA 2,2 DƏFƏ ARTIM OLUB
18.07.2023
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsi tərəfindən cari ilin altı ayı ərzində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərici yüksəlib, torpaqlardan istifadəyə nəzarət gücləndirilib.
Ötən yarımil rayon şöbəsi tərəfindən 96 fərdi yaşayış evinə, 14 mənzilə, 1 qeyri-yaşayış binasına, 13 qeyri-yaşayış sahəsinə məxsus 124 daşınmaz əmlak obyektinə dair texniki pasport, 209 torpaq sahəsinə dair plan və ölçü hazırlanıb. Ümumilikdə, 333 texniki sənəd tərtib edilib ki, bu da əvvəlki ilin müvafiq dövründə hazırlanan mülkiyyət sənədlərini 2,2 dəfə artıb.
Cari ilin müvafiq dövründə hüquqların dövlət qeydiyyatına alınması üçün daxil olan 327 müraciətə vaxtlı-vaxtında və qanuna uyğun olaraq baxılıb, texniki sənədlərin hazırlanması zamanı əmlaklar yerində yoxlanılıb, 244 müayinə aktı yazılıb. Məhdudiyyət və yüklülüyə dair 140, əmlakın olub-olmamasına dair 106 arayış verilib, 4 bölgü planı hazırlanıb. 2 əmlakın bazar dəyərinə uyğun qiymətləndirilməsi icra edilib.
ÖTƏN YARIMİL KƏNGƏRLİDƏ DAŞINMAZ ƏMLAKLA BAĞLI VƏTƏNDAŞLARA NÜMUNƏVİ XİDMƏT GÖSTƏRİLİB
17.07.2023
Yanvar-iyun aylarında Kəngərli rayonunda daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının qeydiyyatı və torpaqlardan təyinatı üzrə istifadəyə, onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı görülən işlər Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsi tərəfindən davam etdirilib.
Şöbə vətəndaşlardan daxil olan müraciətlərə əsasən birinci yarımil ərzində 60 fərdi yaşayış evinin, 16 mənzilin, 3 əmlak kompleksi kimi müəssisənin, 7 qeyri-yaşayış binasının texniki pasportunu və 51 torpaq sahəsinin plan-ölçüsünü hazırlayıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə rayon üzrə hazırlanan mülkiyyət sənədlərinin sayı 25,7 faiz artıb.
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün müraciətlərə vaxtında baxılıb, dövlət reyestrindən 167 çıxarış, məhdudiyyət və yüklülüyə dair 109, əmlakın olub-olmamasına dair 269 arayış, torpaq sahəsinə dair 6 rəy verilib. Texniki sənədlərin hazırlanması zamanı əmlaklara yerində baxış keçirilərək 63 müayinə aktı yazılıb, 8 bölgü planı hazırlanaraq vətəndaşlara təqdim edilib.
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ “YAY MƏKTƏBİ” BAŞA ÇATIB
14.07.2023
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Muxtar Respublikasının Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində Xidmətin hamiliyinə verilmiş “Yerquruluşu və daşınmaz əmlakın kadastrı”, “Torpaqşünaslıq və aqrokimya” ixtisaslarında təhsil alan tələbələr üçün təşkil olunmuş “Yay məktəbi” başa çatıb.
“Yay məktəbi”nin birinci gün açılış mərasimi keçirildikdən sonra iştirakçılar mərkəzdə yaradılan hərtərəfli şəraitlə tanış olublar. Hamiliyə verilən tələbələrin müvafiq sahə ilə bağlı bilik səviyyələrini artırmaq məqsədilə daşınmaz əmlakın qeydiyyatı, inventarlaşdırılması, göstərilən xidmətlər zamanı istifadə olunan xüsusi proqramlar barədə ətraflı məlumat verilib. Həmçinin, tələbələr daşınmaz əmlakın inventarlaşdırılması ilə bağlı qrup işlərinə də cəlb olunub, ərazidə cihazlar vasitəsilə plan və ölçü aparıblar. Günün davamında iştirakçılar üçün Ümummilli Lider Heydər Əliyevdən bəhs edən “Xalqın adamı” sənədli filmi nümayiş olunub.
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ “YAY MƏKTƏBİ”NƏ START VERİLİB
13.07.2023
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Muxtar Respublikasının Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq istirahət mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq Xidmətin hamiliyinə verilmiş “Yerquruluşu və daşınmaz əmlakın kadastrı”, “Torpaqşünaslıq və aqrokimya” ixtisaslarında təhsil alan tələbələrin “Yay məktəbi”nə start verilib.
Açılış mərasimində Xidmət rəisinin müavini Nurlan Fətəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmizdə əmlak və torpaq idarəçiliyinin inkişafı sahəsindəki əvəzsiz xidmətlərindən bəhs edib. Xidmətin hamiliyinə verilmiş ixtisaslarda kadr hazırlığına dəstək istiqamətində görülmüş işlər qeyd olunub, tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşmasında təşkil olunmuş “Yay məktəbi”nin əhəmiyyəti vurğulanıb.
Naxçıvan Dövlət Universitetinin prorektoru Arzu Abdullayev Ümummilli Liderimizin gəncliyə diqqət və qayğısından danışıb, keçirilən “Yay məktəbi”nin tələbələrin bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verəcəyini qeyd edib.
