ÖTƏN AY 765 DAŞINMAZ ƏMLAK OBYEKTİ QEYDİYYATA ALINIB
06.07.2023
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı iyun ayı ərzində davam etdirilib, torpaqlardan təyinatına uyğun və səmərəli istifadə edilməsinə nəzarət diqqətdə saxlanılıb.
Ay ərzində daxil olan müraciətlər əsasında ümumilikdə 765 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 534 texniki sənəd hazırlanıb. Muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 37 daşınmaz əmlak obyektinə ünvan verilib. Məhdudiyyət və yüklülüyə dair 242 arayış vətəndaşlara təqdim edilib, elektron informasiya sistemi vasitəsilə 677 əmlaka dair məhdudiyyət və yüklülük haqqında məlumat notariat ofislərinə göndərilib.
Xidmətin fəaliyyət istiqamətləri üzrə təqdim etdiyi elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən daxil olan 119 müraciət qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə yönəldilib. Həmçinin, “ASAN xidmət” Mərkəzində müvafiq xidmət növləri üzrə ümumilikdə 405 vətəndaş müraciəti qəbul edilib.
Kəngərli rayonunun Çalxanqala kəndində bələdiyyə sədrlərinin, ailə təsərrüfatı başçılarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
DÖVLƏT QEYDİYYATINA ALINAN DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN SAYI ARTIRILIR
24.06.2023
Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaq münasibətlərinin tənzimlənməsisahəsində vəzifələrin icrası 2023-cü ilin ilk beş ayı ərzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.
“Yaşıl enerji” layihələrinin reallaşdırılması məqsədilə 7992 hektar kənd təsərrüfatına yararsız ərazi müəyyənləşdirilmiş, yerquruluşu planları hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.
Yeni sənaye parkının yaradılması üçün ərazinin müəyyənləşdirilməsi və xəritələşdirilməsi istiqamətində iş aparılmış, İqdır-Naxçıvan qaz boru kəmərinin keçəcəyi ərazilərin xəritələri hazırlanaraq təhvil verilmişdir.
Yeni sənaye parkının yaradılması üçün ərazinin müəyyənləşdirilməsi və xəritələşdirilməsi istiqamətində iş aparılmış, İqdır-Naxçıvan qaz boru kəmərinin keçəcəyi ərazilərin xəritələri hazırlanaraq təhvil verilmişdir.
Suvarılan və dəmyə torpaq sahələrinin elektron xəritəsi hazırlanmış, mövcud su ehtiyatlarına və hidrotexniki qurğulara dair məlumatlar rəqəmsal xəritəyə daxil edilmişdir. Torpaqlardan təyinatı üzrə səmərəli istifadə olunmasına dövlət nəzarətinin həyata keçirilməsi diqqətdə saxlanılmış, muxtar respublika üzrə əkin dövriyyəsindən kənarda qalan 7767 hektar suvarılması mümkün olan, 1646 hektar dəmyə torpaq sahəsi xəritələşdirilmiş və kadastr uçotu aparılmışdır.
ŞAHBUZ RAYONUNDA BƏLƏDİYYƏ QULLUQÇULARI MAARİFLƏNDİRİLİB
22.06.2023
“Bələdiyyə torpaqlarının idarə olunmasında qanunvericiliyin tələbləri” mövzusunda keçirilən maarifləndirici seminar növbəti dəfə Şahbuz rayonunda fəaliyyət göstərən bələdiyyə sədrləri və qulluqçuları üçün təşkil olunub .
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Şahbuz Rayon İcra Hakimiyyətinin və digər aid qurumların birgə təşkilatçılğı ilə keçirilən seminarı rayon İcra Hakimiyyətinin şöbə müdiri Söhrab Kərimov açaraq bələdiyyə torpaqlarının səmərəli idarə olunmasının əhəmiyyəti və perspektivləri barədə məlumat verib.
Aid qurumların əməkdaşları bələdiyyə üzvləri ilə maarifləndirici söhbətlər aparıb, “Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələrinin mülkiyyətə və icarəyə ayrılmasının qaydaları”, “Torpaqayırma sənədlərinin hazırlanması və bələdiyyə tərəfindən xüsusi mülkiyyətə ayrılan torpaq sahəsinin bazar qiyməti əsasında müəyyən edilməsi”, “Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı hərracların keçirilməsi qaydaları” və digər məsələlərlə bağlı qanunvericilikdən irəli gələn əsas məqamları diqqətə çatdırıblar.
XİDMƏTİN ƏMƏKDAŞLARI ARASINDA “XƏMSƏ” MİLLİ İNTELLEKTUAL OYUNU KEÇİRİLİB
19.06.2023
Naxçıvan şəhərindəki Gənclər Mərkəzində təşkil olunan “Xəmsə” Milli İntellektual Oyunu ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. İntellekt yarışında Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti aparatının, şəhər, rayon idarə və şöbələrinin, həmçinin Xidmətin tabeliyində olan “Yerquruluşu, Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları iştirak edib. Oyunda iştirak edən gənclər ümumilikdə 4 komanda şəklində rəqabət aparıblar.
Oyun proqrama uyğun olaraq 5 raunddan - “Bəlli”, “Şərtli”, “Sirli”, “Fərdi” və “Xəmsə” raundlarından ibarət olub. Hər raunda uyğun olaraq iştirakçılar müxtəlif mövzularla bağlı səsləndirilən sualları cavablandırmağa çalışıblar.
