9 AYDA NAXÇIVAN ŞƏHƏRİ ÜZRƏ 1277 MÜLKİYYƏT SƏNƏDİ QEYDİYYATA ALINIB
18.10.2023
Yanvar-sentyabr ayları üzrə aparılan təhlillər göstərir ki, Naxçıvan şəhərində daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına sakinlərin marağı olduqca artıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən hazırlanan mülkiyyət sənədlərinin sayında 85% artım qeydə alınıb.
İdarə 9 ayda mülkiyyət sənədlərinin hazırlanması üçün daxil olan 1277 müraciəti qeydə alaraq icra edib. Müraciətlərə əsasən ümumilikdə, 826 daşınmaz əmlak obyektinin texniki pasportu vətəndaşlara təqdim edilib ki, bunlardan 573-ü fərdi yaşayış evinə, 228-i mənzilə, 20-si qeyri-yaşayış sahəsinə, 5-i qeyri-yaşayış binasına məxsus olub. Həmçinin, 451 torpaq sahəsinə dair plan və ölçü hazırlanıb, 159 bölgü planı, 119 müayinə aktı tərtib olunaraq arxiv sənədlərinə əlavə edilib.
Bu dövr ərzində qiymətləndirilməsi icra edilən 14 əmlaka dair hesabatlar hazırlanıb. Bələdiyyələrdən daxil olan müraciət əsasında 95 torpaq sahəsinə dair rəy və plan-sxemlər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. 11 vətəndaşın şifahi müraciəti əsasında əmlaklara yerində baxış keçirilib, qanunvericilikdə nəzərdə tutulan tələblər vətəndaşlara izah olunub.
Naxçıvan şəhəri ərazisində torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və sakinlərin maarifləndirilməsi işi də diqqətdə saxlanılıb. Aid qurumlarla birgə şəhərin Əliabad qəsəbəsində bələdiyyə sədrlərinin, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib, torpaqların qida maddələri ilə təmin olunmasına dair yenilənmiş kartoqramlar Naxçıvan və Əliabad bələdiyyələrinə təqdim olunub.
Baxılıb: 223