Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - PREZİDENT İLHAM ƏLİYEVİN AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ SEÇİLMƏSİNİN 20 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

PREZİDENT İLHAM ƏLİYEVİN AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ SEÇİLMƏSİNİN 20 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

16.10.2023

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində keçirilən tədbirdə Xidmətin rəisi Müslüm Cabbarzadə çıxış edərək bildirib ki, dövlətçilik tariximizin son 20 ili dinamik və hərtərəfli inkişaf dövrü, iqtisadi güc və hərbi potensialın yaradılması, böyük uğurlar, möhtəşəm qələbələr, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə xarakterizə edilir. Qazanılan nailiyyətlərin təməlində isə Ulu Öndər Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır.

Qeyd edilib ki, 2003-cü il oktyabrın 15-də xalqın sonsuz inamı və böyük rəğbəti ilə Prezident seçilən cənab İlham Əliyevin ali dövlət vəzifəsində nümayiş etdirdiyi peşəkarlıq və yüksək idarəçilik məharəti sayəsində bu gün ölkəmiz regionun lider dövləti, qlobal miqyaslı söz sahibidir. Ötən 20 il ərzində Prezident İlham Əliyev xalqımıza verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirmiş, Ulu Öndərimiz Heydər Əliyevin arzularının və vəsiyyətinin reallaşmasını təmin edərək doğma Azərbaycanımızı qalib ölkəyə çevirmişdir.

Vurğulanıb ki, Prezident İlham Əliyevin təşəbbüskarlığı və müdrik rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar çərçivəsində ölkəmizdə əmlak idarəçiliyi sahəsində də innovativ layihələrin, modern yanaşmaların tətbiqi diqqətdə saxlanılıb, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı mühüm irəliləyişlər əldə olunub. Qeydiyyat prosesinin sadələşdirilməsi, xidmətlərə olan əlçatanlığın artırılması nəticəsində beynəlxalq hesabatlarda Azərbaycan əmlak idarəçiliyi sahəsində ön sıralarda yer alıb.

Muxtar respublikamızda torpaq və digər daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və müdafiəsi sahəsində işlərin daha səmərəli təşkilinə 2004-cü ildən başlanıldığını qeyd edən Xidmət rəisi müvafiq sahədə idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin rəqəmsallaşdırılması, torpaqların elektron uçotunun aparılması ilə bağlı görülmüş işlərdən bəhs edib.

Sonra Xidmət Aparatının İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədovun mövzu ilə bağlı çıxışı dinlənilib.

Tədbirin sonunda 20 illik tarixi dövr ərzində Prezident İlham Əliyevin uğurlu siyasi fəaliyyətindən bəhs edən sənədli filmə baxış olub.

Baxılıb: 290