Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - CULFA RAYONUNDA BƏLƏDİYYƏLƏR ÜÇÜN SEMİNAR KEÇİRİLİB

CULFA RAYONUNDA BƏLƏDİYYƏLƏR ÜÇÜN SEMİNAR KEÇİRİLİB

20.09.2023

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Culfa rayonunda fəaliyyət göstərən bələdiyyə sədrləri və üzvlərinin iştirakı ilə maarifləndirici seminar keçirilib.

“Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsinin xüsusiyyətləri” mövzusuna həsr olunan seminarda çıxış edənlər bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsini tənzimləyən qanunvericiliyin tələblərini diqqətə çatdırıb, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində icarə münasibətləri barədə ətraflı məlumat veriblər. Bildirilib ki, aparılan torpaq islahatları nəticəsində yerli özünüidarəetmə orqanlarına ayrılan torpaq sahələri ərzaq bolluğunun yaradılmasında mühüm yer tutur. Hüquqi və fiziki şəxslərin icarəsinə verilmiş bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqları əhalinin kənd təsərrüfatı məhsullarına olan artan tələbatının ödənilməsində xüsusi rol oynayır.

Seminarda bələdiyyə torpaqlarının icarəyə verilməsi zamanı bağlanan müqavilələr, həmin müqavilələrin tərtibi qaydaları, yerli vergilər, ödənişlər və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət barədə müzakirələr aparılıb, verilən suallara aydınlıq gətirilib.

Baxılıb: 133