OKTYABR AYI ƏRZİNDƏ MUXTAR RESPUBLİKADA 917 DAŞINMAZ ƏMLAK OBYEKTİ DÖVLƏT QEYDİYYATINA ALINIB
13.11.2023
Muxtar respublikada daşınmaz əmlakın dövlət reyestrinin və kadastrının aparılması, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti cari ilin oktyabr ayında da diqqətdə saxlanılıb, müvafiq fəaliyyət istiqamətləri üzrə görülən işlərin operativ icrası təmin edib.
Hesabat ayı ərzində vətəndaşlardan daxil olan müracəitlərə əsasən 917 daşınmaz əmlaka dair mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınıb. Texniki sənədlərin hazırlanması zamanı 244 əmlaka dair texniki pasport, 419 torpaq sahəsinə dair plan-ölçü tərtib olunub, ümumilikdə 663 texniki sənəd hüquq sahiblərinə təqdim edilib. İlkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 89 daşınmaz əmlaka ünvanlar verilib. Həmçinin, muxtar respublikada Ünvan Reyestri İnformasiya Sisteminin formalaşdırılması, ünvan məlumatlarının yenilənməsi və sistemləşdirilməsi məqsədilə poçt məntəqələrinin əhatə etdiyi ərazilərin sərhədləri dəqiqləşdirilərək xəritələşdirilib, Naxçıvan şəhərinin, Əliabad qəsəbəsinin və şəhərin 5 kəndinin ünvan xəritələrinin layihəsi hazırlanıb.
Vətəndaşların müraciətləri nəzərə alınaraq ötən ay əmlaklarının məhdudiyyət və yüklülüyünə dair 215 arayış verilib, elektron informasiya sistemi vasitəsilə əmlaklara dair məhdudiyyət və yüklülük haqqında notariat ofislərinə göndərilən məlumatlar isə 499 ədəd təşkil edib.
Hüquqi və fiziki şəxslər tərəfindən operativ şəkildə fəaliyyət göstərən elektron xidmətlərə 92, notariat ofisləri tərəfindən 26 müraciət daxil olub ki, həmin müraciətlər də qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə yönəldilib. Müraciətlərə vaxtlı-vaxtında baxılması “ASAN xidmət” Mərkəzində göstərilən xidmətlər zamanı da diqqətdə saxlanılıb, müvafiq xidmət növləri üzrə ümumilikdə 840 müraciət icra üçün qəbul edilib.
Ötən ay ərzində kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 870 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib, ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib.
Oktyabr ayında təşkil olunan səyyar xidmətlər zamanı Şərur, Babək, Ordubad, Culfa və Şahbuz rayonlarının bir sıra yaşayış məntəqələrində vətəndaşlara xidmət göstərilib.
Baxılıb: 260