BAĞ TƏSƏRRÜFATLARININ YARADILMASI ÜÇÜN TORPAQ SAHƏSİ AYRILIB
17.04.2020
Muxtar respublikamızda əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, insanların asudə vaxtlarının səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Yeni parklar, istirahət mərkəzləri yaradılaraq sakinlərin istifadəsinə verilir. Həyata keçirilən tədbirlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Uzunoba Su Anbarı ətrafında yerləşən 20 hektar torpaq sahəsi bağ təsərrüfatlarının yaradılması üçün vətəndaşların istifadəsinə ayrılıb.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə qeyd edib ki, bağ təsərrüfatları üçün torpaq sahələrinin ayrılması dövlətin vətəndaşların rifahının yüksəlməsinə göstərdiyi qayğının daha bir ifadəsidir. Məqsəd şəhər və qəsəbələrdə yaşayan əhalinin mövsümi istirahətinin və təsərrüfatçılıq fəaliyyətinin səmərəli təşkili, məhsul bolluğunun yaradılması, yaşıllıqların artırılması, torpaqların ekoloji vəziyyətinin yaxşılaşdırılmasıdır. Bağ torpaq sahəsinin istifadəçiləri torpağı əkib-becərməklə mövsümi kənd təsərrüfatı məhsullarına olan tələbatlarını təmin edə biləcəklər. Eyni zamanda, vətəndaşlar torpaq sahəsində razılaşdırılmış layihə əsasənda mövsümi istifadə ilə əlaqədar məişət və digər ehtiyaclarını ödəmək üçün bağ evi və yardımçı tikililər inşa etmək, qurğular quraşdırmaq hüququna malikdirlər.
Xidmətin mütəxəssisləri tərəfindən ərazidə planaalma işləri aparılıb, torpaq sahələri formalaşdırılıb, yollar müəyyənləşdirilib və digər zəruri hazırlıq işləri başa çatdırılıb.
Qeyd edək ki, bağ torpaq sahələrinin vətəndaşların istifadəsinə verilməsi ilə bağlı müraciətlərə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən baxılır. Xidmət dövlət və özəl sektorda çalışan şəxslərə bağ torpaq sahəsinin verilməsinə işlədikləri müəssisənin vəsatəti, digər şəxslərə isə Xidmətə ünvanlanmış ərizə əsasında 10 iş günü ərzində baxır. Torpaq sahələri şəxslərə vəsatətlərin daxil olma tarixinə uyğun olaraq nöbəlilik qaydasında verilir. Torpaq sahəsinin verilməsi uyğun hesab edilən şəxslər məlumatlandırılır və vətəndaşla Xidmət arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanır. Müraciət edən hər ailəyə 800 kvadratmetrədək torpaq sahəsinin ayrılması nəzərdə tutulur.
Baxılıb: 630