Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - MUXTAR RESPUBLİKADA TORPAQ SAHƏLƏRİNİN PLANA ALINMASI BAŞA ÇATDIRILIB

MUXTAR RESPUBLİKADA TORPAQ SAHƏLƏRİNİN PLANA ALINMASI BAŞA ÇATDIRILIB

29.06.2020

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi  sahəsində  əlavə  tədbirlər haqqında” 2 aprel 2016-cı il tarixli Fərmanı əsasında muxtar respublikada torpaqların elektron kadastr uçotunun aparılması istiqamətində işlər davam etdirilir. Qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən Sədərək rayonunda aparılan planaalma işləri yekunlaşdırılıb. Bununla da muxtar respublikanın bütün yaşayış məntəqələri üzrə torpaq sahələrinin konturlarının çöl geodeziya-ölçmə işləri aparılmaqla dəqiqləşdirilməsi başa çatdırılıb.

Muxtar respublika üzrə plana alınmış bütün daşınmaz əmlak obyektlərinin elektron kadastr məlumatları Xidmətin informasiya bazasına daxil edilib, topoqrafik elementlərin, mühəndis-kommunikasiya xətləri və qurğularının, xüsusi qorunan ərazilərin, hidroqrafiya elementlərinin sərhədləri müəyyənləşdirilib. Yaşayış məntəqələrinin yeni elektron yerquruluşu xəritələri hazırlanıb.

Hazırda planaalma işləri başa çatmış yaşayış məntəqələrinin ərazilərində mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinə dair göstəricilər baza məlumatları ilə müqayisə olunur, uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. 

Dəqiqləşdirilmiş məlumatlar əsasında torpaqların uçotunun müasir tələblərə uyğun aparılması, bu sahədə işlərin texnoloji cəhətdən modernləşdirilməsi təmin ediləcək, avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemi formalaşdırılacaq.

Baxılıb: 487