TORPAQLARDAN QANUNSUZ İSTİFADƏ HALLARININ QARŞISI ALINIR
18.05.2020
Muxtar respublikamızda torpaqlardan təyinatına uyğun, səmərəli istifadənin təmin edilməsi, əkinəyararlı torpaq sahələrindən digər məqsədlər üçün istifadənin qarşısının alınması ilə bağlı vəzifələrin icrası, torpaqlardan istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin torpaq müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir. Hazırda Babək rayonunun Cəhri kəndində bütün mülkiyyət növləri üzrə torpaqlardan istifadə vəziyyəti yoxlanılır, aşkar edilmiş qanunsuz istifadə hallarının aradan qaldırılması üçün müvafiq qanunvericiliyin tələbinə uyğun tədbirlər həyata keçirilir.
2020-ci ilin ötən dövrü ərzində aparılan monitorinqlər zamanı Babək rayonunun Babək qəsəbəsində, Qahab, Naxışnərgiz, Çeşməbasar, Güznüt, Gülşənabad, Payız, Cəhri və Qaraqala kəndlərində 280-dən artıq torpaqdan qanunsuz istifadə faktı aşkar edilərək aradan qaldırılmışdır. 25 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılmışdır.
Qeyd edək ki, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə torpaq sahəsini özbaşına tutma hesab olunur. Torpaq sahəsinin özbaşına tutulması torpaqdan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpağın məqsədli istifadəsinə maneələr yaradır. Bu isə Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən məsuliyyətə səbəb olur.
Baxılıb: 566