TƏLƏBƏLƏRLƏ ONLAYN GÖRÜŞ KEÇİRİLİB
27.04.2020
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin “Torpaqşünaslıq və aqrokimya”, “Geodeziya və xəritəçəkmə mühəndisliyi” ixtisaslarında təhsil alan tələbələrlə onlayn görüş keçirilib.
Tədbiri giriş sözü ilə universitetin rektoru Elbrus İsayev açaraq xidmətin təşəbbüsü ilə hamiliklə bağlı ilk onlayn görüşün keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə xidmətin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə aparılan işlər və qarşıda duran vəzifələrdən danışıb.
Xidmətin aparat rəhbəri Nurlan Fətəliyev tərəfindən tələbələrə layihələrin idarə edilməsi mövzusunda onlayn təlim-məşğələ keçirilib, innovativ ideyalar əsasında uğurlu layihə hazırlanmasının əsas prinsipləri barədə ətraflı məlumat verilib. Layihənin planlaşdırılması, komandanın formalaşdırılması, büdcənin hesablanması slaydlar vasitəsilə diqqətə çatdırılıb.
Xidmətin şöbə rəisi Arzu Məmmədov Torpaqların elektron kadastr uçotu informasiya sistemi ilə bağlı məlumat verib. Sistemin iş prinsipi əyani şəkildə nümayiş olunub. Kadastr xəritəsinin idarə edilməsi, sistem vasitəsi ilə torpaq sahəsinin formalaşdırılması, kadastr uçotuna daxil edilməsi, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində kadastr əməliyyatlarının aparılması tələbələr tərəfindən maraqla izlənilib.
Sonra praktiki məşğələlər zamanı tələbələr tərəfindən Naxçıvan Dövlət Universitetinin ərazisində aparılmış geodeziya ölçmələri əsasında hazırlanmış yerquruluşu planları təqdim olunub.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb.
Qeyd edək ki, xüsusi karantin rejimi dövründə Xidmətin təcrübəli mütəxəssisləri tərəfindən hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrə onlayn dərslərin keçirilməsi də davam etdirilir.
Baxılıb: 680