CARİ İLİN BİRİNCİ RÜBÜNDƏ DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI SAHƏSİNDƏ ARTIM MÜŞAHİDƏ OLUNUB
06.04.2023
Cari ilin ilk üç ayı ərzində torpaq və digər daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və müdafiəsi sahəsində görülən işlər səmərəli təşkil edilib, vətəndaşların müraciətləri operativ cavablandırılıb, daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyatının keyfiyyətlə həyata keçirilməsi diqqətdə saxlanılıb.
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məslələri üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-mart ayları ərzində Naxçıvan şəhəri üzrə 974, Şərur rayonu üzrə 381, Babək rayonu üzrə 326, Ordubad rayonu üzrə 104, Culfa rayonu üzrə201, Şahbuz rayonu üzrə 171, Kəngərli rayonu üzrə 86, Sədərək rayonu üzrə 33olmaqla, muxtar respublika üzrə ümumilikdə 2276 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınan daşınmaz əmlak obyektlərinin sayı 29% artıb.
Birinci rübdə qeydiyyata alınan daşınmaz əmlak obyektləri bölmələr üzrə 757 torpaq sahəsi, 65 qeyri-yaşayış binası, 89 qeyri-yaşayış sahəsi, 417 mənzil, 919 fərdi yaşayış evi, 1 çoxmərtəbəli yaşayış binası, 28 əmlak kompleksi kimi müəssisədən ibarət olub.
Hesabat dövründə daxil olmuş müraciətlər əsasında 808 əmlaka dair texniki pasport, 959 torpaq sahəsinə dair plan-ölçü olmaqla, ümumilikdə 1767 texniki sənəd tərtib edilib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 42% çoxdur. Hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair 1332 arayış verilib, elektron informasiya sistemi vasitəsilə 599 əmlaka dair məhdudiyyət və yüklülük haqqında məlumat isə notariat ofislərinə təqdim olunub.
Baxılıb: 232
