MART AYI ƏRZİNDƏ 754 DAŞINMAZ ƏMLAK OBYEKTİ DÖVLƏT QEYDİYYATINA ALINIB
05.04.2023
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə dövlət nəzarəti mart ayı ərzində də diqqətdə saxlanılıb, fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlər uğurla davam etdirilib.
Ötən ay ərzində Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planının 15-ci bəndinin icrası ilə əlaqədar ailə təsərrüfatlarında əkin atlaslarına uyğun olaraq əkinlərin keçirilməsinə nail olunması və torpaqlardan səmərəli istifadə edilməsi məqsədilə Ordubad rayonunun Sabirkənd və Culfa rayonunun Ərəzin kəndində maarifləndirici tədbirlər keçirilib. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin və Xidmətin birgə təşkilatçılığı ilə Babək rayonunun Şəkərabad kəndində bələdiyyə torpaqlarının mülkiyyətə və icarəyə verilməsinə dair bələdiyyə sədrləri maarifləndirilib.
Mart ayında ümumilikdə 754 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 564 texniki sənəd hazırlanıb, muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 50 daşınmaz əmlak obyektinə ünvan verilib. Həmçinin, 93 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb, məhdudiyyət və yüklülüyə dair 422 arayış verilib.
Ötən ay torpaqların elektron kadastr uçotu informasiya sistemində torpaq sahələri üzərində aparılan hər bir kadastr əməliyyatı ekspertiza olunub, rəqəmsal xəritəyə ümumi nəzarət həyata keçirilib.
Xidmətin fəaliyyət istiqamətləri üzrə təqdim etdiyi elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən daxil olan 158 müraciət qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə yönəldilib. Kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 1039 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib. 5 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib.
Muxtar respublikanın Şərur, Babək, Ordubad, Culfa və Şahbuz rayonlarının yaşayış məntəqələrində vətəndaşlara səyyar xidmət göstərilib.
Baxılıb: 185