Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - CULFA RAYONUNDA TARLA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

CULFA RAYONUNDA TARLA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

30.03.2023

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Ərəzin kəndində tarla seminar-müşavirə keçirilib.

Rayonun torpaq mülkiyyətçilərinin və ailə təsərrüfatçılarının iştirak etdiyi tədbiri Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Xalid Məmmədov açaraq təsərrüfatçıların aqrar sahəyə artan marağından və dövlətimizin bu istiqamətə göstərdiyi diqqət və qayğıdan danışıb.

Kənd təsərrüfatı bitkilərinin əkin atlaslarına uyğun keçirilməsi, torpaqlardan səmərəli istifadə olunması ilə əlaqədar təşkil olunan tarla seminar-müşavirədə aid təşkilatların nümayəndələri bildiriblər ki, dövlət tərəfindən ailə təsərrüfatlarının inkişafı ilə bağlı atılan mühüm addımlar, bu sahəyə ayrılan güzəştli kreditlər və istehsal etdikləri məhsulların satışına dövlət dəstəyinin göstərilməsi belə təsərrüfatların inkişafını təmin edib.

Müşavirədə torpaqlardan səmərəli istifadə yolları və bu sahə üzrə qanunvericiliyin tələbləri, yaz əkinlərinin əkin atlaslarına uyğun aparılması, ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliğ və təşviq edilməsi, meyvə və tərəvəzlərin, bostan məhsullarının qurudulması və qablaşdırılması barədə təsərrüfat sahiblərinə məlumat verilib.

Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, suallara aydınlıq gətirilib, mülkiyyətçilərə maarifləndirici bukletlər təqdim olunub.

Baxılıb: 185