Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ÖTƏN İL ŞƏRUR RAYONUNDA HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI 2,6 FAİZ ARTIB

ÖTƏN İL ŞƏRUR RAYONUNDA HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI 2,6 FAİZ ARTIB

18.01.2022

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi 2021-ci ildə də Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən diqqət mərkəzində saxlanılıb, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarət artırılıb.

Ötən il 237 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 966 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. 2020-ci illə müqayisədə hazırlanan texniki sənədlərin sayı 2,6% artıb. Əmlaka sahibliklə ilə bağlı 273, məhdudiyyət və yüklülüyə dair 1066 arayış hazırlanaraq vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması zamanı 399 müayinə aktı yazılıb, 39 bölünmə və birləşmə planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunub.

172 vətəndaşın müraciəti ilə əlaqədar əmlaklara yerində baxış keçirilib, torpaq sahələrinin sərhədləri dəqiqləşdirilib, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə rayonun 28 yaşayış məntəqəsində monitorinqlər aparılıb, torpaqlardan qanunsuz istifadəyə dair aşkar edilmiş faktlar  aradan qaldırılıb.

İl ərzində rayonun 24 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş 67 müraciət müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilib, hazırlanmış mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim olunub.

Baxılıb: 259