Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - 3 ÖLÇÜLÜ XƏRİTƏLƏRİN VƏ NAVİQASİYA SİSTEMLƏRİNİN HAZIRLANMASI İLƏ BAĞLI TƏLİM KEÇİRİLİB

3 ÖLÇÜLÜ XƏRİTƏLƏRİN VƏ NAVİQASİYA SİSTEMLƏRİNİN HAZIRLANMASI İLƏ BAĞLI TƏLİM KEÇİRİLİB

08.01.2022

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində Xidmət əməkdaşlarının və Xidmətin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin “Geodeziya və xəritəçəkmə”, “Yerquruluşu və daşınmaz əmlakın kadastrı” ixtisaslarında təhsil alan tələbələrin iştirakı ilə 3 ölçülü xəritələrin və naviqasiya sistemlərinin hazırlanması ilə bağlı təlim keçirilib.

Coğrafi informasiya sistemlərinin yaradılmasında qabaqcıl təcrübəyə malik 4 MAPS MMC-nin direktoru və layihə rəhbərləri tərəfindən keçirilən təlimdə 3 ölçülü kadastr işlərinin aparılması və xəritələrin tərtib edilməsi, mütərəqqi üsullarla rəqəmsal ünvan xəritələrinin və naviqasiya sistemlərinin hazırlanması ilə bağlı iştirakçılara ətraflı məlumat verilib. Təlim zamanı məlumatların toplanması, emalı, ərazi çəkilişləri zamanı diqqət yetirilməli məqamlar, informasiya bazalarının yaradılmasının, global xəritə platformalarında məlumatların yenilənməsinin əsas prinsipləri barədə izahat verilib, 4 MAPS MMC tərəfindən icra olunan layihələrdən nümunələr təqdim edilib.

Qarşılıqlı müzakirələrlə davam edən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq sahə üzrə beynəlxalq standartların tələbləri barədə məlumatlar verilib.

Qeyd edək ki, naviqasiya sisteminin yaradılması və 3 ölçülü xəritələrin tərtib edilməsi məqsədi ilə 4 MAPS MMC-nin əməkdaşları tərəfindən yanvarın 7-dən etibarən Naxçıvan Muxtar Respublikasında çəkilişlərə və ünvan məlumatlarının toplanmasına başlanılıb. Layihə muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edəcək.

Baxılıb: 301