Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ÖTƏN İLİN YEKUNLARI MÜZAKİRƏ OLUNUB

ÖTƏN İLİN YEKUNLARI MÜZAKİRƏ OLUNUB

18.01.2022

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində keçirilən kollegiya  iclasında xidmətin rəisi Müslüm Cabbarzadə  bildirib ki, torpaqların elektron uçotunun aparılması və təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətinin gücləndirilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi 2021-ci il ərzində də davam etdirilib.

Qeyd olunub ki, Araz Su Anbarı üzərində qurulacaq yeni nasos stansiyasından qidalanması nəzərdə tutulan suvarma şəbəkəsinin əhatə etdiyi ərazilərdə topoqrafik planaalma işləri aparılıb, torpaq sahələrinin eksplikasiyası tərtib edilib. Dövlət Proqramına uyğun olaraq muxtar respublika üzrə 2004 hektar meyvə bağı, 355 hektar üzümlük, 888 hektar meşə zolağı plana alınaraq xəritələşdirilib, əkin atlaslarına uyğun əkinlərin aparılması, torpaqların səmərəli istifadə edilməsi, münbitliyinin qorunması və artırılması barədə maarifləndirmə işləri aparılıb. Həmçinin ümumilikdə, muxtar respublika  üzrə  eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış  8583 hektar  torpaq sahəsi xəritələşdirilib.

Xidmət rəisi “Qars müqaviləsinin 100 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikasının təsbit olunmuş sərhədlərini əhatə edən ərazilərdə coğrafi obyektlərin müəyyənləşdirildiyini, Qafqaz Hərbi Dairəsinin 1903-cü ilə dair hərbi-topoqrafik xəritəsinin, Azərbaycan Xalq Cumhuriyyətinin sərhədlərini əks etdirən 1918-1920-ci illərə dair xəritənin, Qafqazın 1926-cı ilə dair 5 verstlik topoqrafik xəritəsinin beynəlxalq koordinat sisteminə uyğunlaşdırıldığını, obyektlərin koordinatlarının xəritə üzərinə köçürüldüyünü də diqqətə çatdırıb. Bildirilib ki, Culfa və Ordubad bələdiyyələri üzrə bütün torpaq sahələri rəqəmsal kadastr xəritəsinə köçürülüb, bununla da miqrasiya işləri yekunlaşıb. Muxtar respublikanın rayon və şəhərləri üzrə dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrinin sistemə daxil edilməsi başa çatdırılıb. Ümumilikdə, il ərzində 38 sifarişçi təşkilatın müraciəti əsasında 300-ə yaxın müxtəlif məzmunlu xəritə, plan və sxemlər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur və Kəngərli rayonlarında monitorinqlər davam etdirilib, torpaqdan qanunsuz istifadəyə dair aşkar edilmiş faktlar aradan qaldırılıb.

Müslüm Cabbarzadə vurğulayıb ki, əvvəlki illə müqayisədə dövlət qeydiyyatına alınan daşınmaz əmlak obyektlərinin sayı 20,6 faiz artıb. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakla bağlı digər əməliyyatların aparılması üçün 18 min 554 ərizə qəbul edilib ki, bu da əvvəlki illə müqayisədə 27,2 faiz  çoxdur. Daxil olmuş müraciətlər əsasında 2223 daşınmaz əmlakın texniki pasportu, 3470 torpaq sahəsinin planı və ölçüsü olmaqla, 5693 texniki sənəd hazırlanıb. Bu da əvvəlki illə müqayisədə 15,3 faiz çoxdur. Hesabat dövründə səyyar və elektron xidmətlərin göstərilməsi də diqqətdə saxlanılıb.

Müslüm Cabbarzadə göstərilən dövlət qayğısı sayəsində xidmətin maddi-texniki bazasının gücləndirildiyini  diqqətə çatdırıb,  qarşıya qoyulan vəzifələrin cari ildə məsuliyyətlə yerinə yetiriləcəyini bildirib.

Sonra məruzə ətrafında çıxışlar olub, xidmətin 2022-ci ilə dair İş Planı təsdiq edilib, Kollegiya iclasının qərar layihəsi qəbul edilib.

Baxılıb: 303