Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ƏMƏKDAŞLARI HAMİLİK TƏDBİRLƏRİ ÇƏRÇİVƏSİNDƏ TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ƏMƏKDAŞLARI HAMİLİK TƏDBİRLƏRİ ÇƏRÇİVƏSİNDƏ TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB

29.11.2021

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşlarının Naxçıvan Dövlət Universitetində xidmətin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə görüşü keçirilib.

Universitetin “Təbiətşünaslıq və kənd təsərrüfatı” fakültəsində keçirilən tədbirdə giriş sözü ilə çıxış edən universitetin rektoru Elbrus İsayev dövlət orqanlarına hamiliyə verilən ixtisasların önəmindən söz açıb. Rektor sözügedən xidmətin hamiliyinə verilmiş “Torpaqşünaslıq və aqrokimya” ixtisası üzrə 51, “Yerquruluşu və daşınmaz əmlakın kadastrı” ixtisası üzrə 9, “Geodeziya və xəritəçilik mühəndisliyi” ixtisası üzrə isə 9 tələbənin təhsil aldığını diqqətə çatdırıb. Elbrus İsayev həmçinin qeyd edib ki, hamilik tədbirlərinin nəticəsidir ki, tələbələr dərslərdə qazandığı nəzəri bilikləri təcrübədə tətbiq etmək imkanına malik olur və gələcəkdə həmin müəssisələrdə iş imkanı əldə edirlər.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə “Muxtar respublikada dövlət torpaq idarəçiliyi sahəsində keçilmiş yol və qarşıda duran vəzifələr” mövzusunda danışıb. Xidmətin rəisi  ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı  müvafiq sərəncamlarla müəyyənləşdirilmiş vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, xidmətdə hər tədris ilinin əvvəlindən başlayaraq tələbələrlə intensiv görüşlər keçirilib. Tədrisə köməklik məqsədilə onlara dərs vəsaitləri, elektron dərsliklər, müxtəlif məzmunlu xəritə materialları təqdim olunub. Xidmətin bazasında tələbələrin praktiki məşğələlər keçmələri təmin edilib, geodeziya-ölçü avadanlıqlardan ilkin istifadə vərdişləri öyrədilib, həmçinin çöl şəraitində tələbələrin sınaq geodeziya ölçmələrində iştirakı təmin olunub. Müslüm Cabbarzadə universitetin “Coğrafiya”, “Torpaqşünaslıq və aqrokimya”, “Memarlıq” ixtisaslarını bitirərək xidmətdə işlə təmin olunan əməkdaşlar, həmçinin hal-hazırda xidmətin hamiliyinə verilimiş ixtisaslarda təhsil alan tələbələrin təcrübə dərsləri haqqında məlumat verib.

Universitetin məzunu və hal-hazırda xidmətin əməkdaşı kimi fəaliyyət göstərən İbrahim İbrahimli gənc mütəxəssislərə dövlət qayğısından danışıb.

Sonra təcrübədə fəal iştirak edən tələbələr xidmətin rəisi tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Tədbirin sonunda isə “Torpaq müqəddəs sərvətimizdir” adlı filmin nümayişi olub.

Baxılıb: 320