BƏHRUZ KƏNGƏRLİ MUZEYİ ZİYARƏT OLUNUB
29.11.2021
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Xidmətin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitunun kollektivləri noyabrın 27-də Bəhruz Kəngərli Muzeyini ziyarət edib.
Məlumat verilib ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 may 2001-ci il tarixli Sərəncamı ilə yaradılmışdır. Muzeydə 9 ekspozisiya zalı var. Buranın ümumi sahəsi 560 m²-dir. Şərq və qərb memarlıq elementlərinin sintezindən tikilmiş ikimərtəbəli binanın birinci mərtəbəsində 7, ikinci mərtəbəsində isə 5 otaq yerləşir.
Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyev 1938-1939-cu illərdə bu binada yerləşən Pedaqoji Texnikumda təhsil almışdır. Ulu öndərin xatirəsini əbədiləşdirmək üçün binaya xatirə lövhəsi vurulmuş və burada onun xatirə otağı yaradılmışdır.
Məlumat verilib ki, muzeydə 350-yə yaxın maddi-mədəniyyət nümunəsi qorunub saxlanılır və nümayiş etdirilir ki, bunların da 56-sı rəssamın əsərlərinin orijinalı, 300-ü isə foto surətlərindən, habelə ailəsi, həyat və fəaliyyəti ilə bağlı sənədlərdən, məişət əşyaları, etüd çantası, özünün və qohumlarının fotoşəkilləri, müxtəlif illərdə tanınmış fırça və tişə ustalarının Bəhruz Kəngərliyə həsr etdikləri təsviri və tətbiqi sənət nümunələri, görkəmli şəxslərin və sənətşünasların rəssam haqqında fikirlərini əks etdirən iqtibaslar və digər materiallardan ibarətdir.
Sonra kollektiv üzvləri muzeyin ekspozisiyası ilə yaxından tanış olub, Bəhruz Kəngərlinin fəaliyyəti barədə dolğun məlumat əldə ediblər.
Baxılıb: 264