ORDUBAD RAYONUNDA TORPAQLARIN MÜNBİTLİYİNİN ARTIRILMASINA DAİR SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB
17.06.2022
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Ordubad Rayonunun Dəstə kəndində torpaq mülkiyyətçiləri, bələdiyyələr və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib.
Seminar - müşavirəni giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elçin Hüseynov açaraq rayonun muxtar respublikada kənd təsərrüfatı sahəsindəki rolundan, qazanılmış nailiyyətlərdən, eləcə də keçirilən tədbirin əhəmiyyəti barədə məlumat verib.
Seminar - müşavirədə aid təşkilatların nümayəndələri tərəfindən mövcud torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi, torpaqların münbitliyinin əhəmiyyəti və onun artırılması yolları, şoranlaşmaya meylli torpaqlarda pestisid yükünün minimum səviyyəyə endirilməsi, kənd təsərrüfatında innovativ texnologiyaların və mütərəqqi əkin üsullarının tətbiqi, o cümlədən növbəli əkin sisteminin tətbiq edilməsi və düzgün aparılması barədə iştirakçılara məlumat verilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və maarifləndirici bukletlər təqdim olunub.
Baxılıb: 237