Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN SƏMƏRƏLİ İSTİFADƏYƏ NƏZARƏT DİQQƏTDƏ SAXLANILIR

DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN SƏMƏRƏLİ İSTİFADƏYƏ NƏZARƏT DİQQƏTDƏ SAXLANILIR

06.07.2022

Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan səmərəli istifadəyə nəzarət Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən iyun ayında da diqqətdə saxlanılmışdır.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq Culfa rayonunda meyvə bağlarına, yaşıllıq zolaqlarına dair məlumatlar dəqiqləşdirilərək torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmişdir. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”na uyğun olaraq Babək və Sədərək rayonlarının sərhədləri daxilində əkin dövriyyəsindən kənarda qalmış torpaqların əhatə etdiyi ərazilərin xəritələri hazırlanaraq Kənd Təsərrüfatı Nazirliyinə və müvafiq rayon icra hakimiyyətlərinə təqdim edilmişdir. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na və “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq aid təşkilatların nümayəndələri ilə birlikdə Ordubad rayonunun Dəstə, Kəngərli rayonunun Çalxanqala və Culfa rayonunun Camaldın kəndlərində maarifləndirici tədbirlər keçirilmişdir.

Ötən ay 652 daşınmaz əmlak obyekti üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 400 texniki sənəd hazırlanmış, 33 daşınmaz əmlak obyektinə ünvan verilmişdir. 78 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. Torpaqlardan səmərəli istifadənin təmin edilməsi məqsədi ilə ay ərzində Şərur rayonunun Alışar və Həmzəli, Şahbuz rayonunun Şahbuzkənd və Külüs kəndlərinin, Kəngərli rayonunun bütün yaşayış məntəqələrinin ərazisində torpaqdan istifadə sahəsində aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində iş aparılmışdır. Şərur, Şahbuz şəhərlərinin və Şahbuz rayonunun Keçili kəndinin ərazisində monitorinqlər davam etdirilmişdir. Torpaq sahələrinin uçotunun dəqiqləşdirilməsi məqsədilə Şərur rayonunun Kürçülü, Kürkənd, Maxta və Qorçulu kəndlərində dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı sahələri, nəqliyyat, kommunikasiya xətləri, kanal və kollektorlar, mövcud meşə və meşə zolaqlarının əhatə etdiyi ərazilər müəyyənləşdirilmiş və rəqəmsal kadastr xəritəsinə daxil edilmişdir.

Ay ərzində 9 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilmiş, təsərrüfat fəaliyyəti ilə əlaqədar 3 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır.

Baxılıb: 261