Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - FƏRDİ YAŞAYIŞ EVLƏRİNİN İLKİN DÖVLƏT QEYDİYYATI: TƏLƏB OLUNAN SƏNƏDLƏR VƏ XİDMƏT PROSEDURLARI

FƏRDİ YAŞAYIŞ EVLƏRİNİN İLKİN DÖVLƏT QEYDİYYATI: TƏLƏB OLUNAN SƏNƏDLƏR VƏ XİDMƏT PROSEDURLARI

13.07.2022

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı prosedurlarının sadələşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Vətəndaşlara Xidmətin inzibati binasında, şəhər və rayon idarələrində (şöbələrində), o cümlədən təsdiq olunmuş qrafik əsasında əvvəlcədən elan edilməklə müxtəlif kənd və qəsəbələrdə səyyar qaydada xidmətlər göstərilir. Eyni zamanda, daşınmaz əmlaklarının dövlət reyestrində qeydiyyata alınmasını istəyənlər Elektron Hökumət Portalı və Xidmətin internet saytı vasitəsilə təqdim olunan müvafiq elektron xidmətlərdən də yararlana bilərlər.

Fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması üçün onun məqsədli təyinatına uyğun torpaq sahəsində tikilməsi əsas şərtdir. Digər hallarda həmin daşınmaz əmlakın dövlət qeydiyyatına alınması qanunvericiliyin tələblərinə ziddir. Qeydiyyat üçün tələb olunan sənədlər isə əmlakın tikildiyi tarixdən asılı olaraq dəyişir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək, yəni 2013-cü il yanvarın 1-dək inşa edilmiş tikililərə dair:

- icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;

- məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;

- hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edilən tikililərə dair:

- tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;

- məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur.

Muxtar respublikamızda əhalinin rahat yaşayışının təmini, rifah halının yüksəldilməsi ilə bağlı həyata keçirilən kompleks tədbirlər nəticəsində yeni inşa olunan fərdi yaşayış evlərinin sayı da ildən-ilə artmaqdadır. Son beş il üzrə daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evlərinin qeydiyyatındakı artım dinamikası bunu bir daha sübut edir. Belə ki, 2017-ci ildə 1852, 2018-ci ildə 1978, 2019-cu ildə 2196, 2020-ci ildə 2201, 2021-ci ildə isə 2751 fərdi yaşayış evi üzərində yaranan hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb. 2022-ci ilin ilk 6 ayı ərzində daşınmaz əmlakın dövlət reyestrində muxtar respublika üzrə 1364 fərdi yaşayış evinin qeydiyyatı aparılıb ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,7% çoxdur.

I yarımil ərzində qeydiyyata alınan fərdi yaşayış evlərinin 642-si və ya 47%-i Naxçıvan şəhərinin payına düşür. Həmin dövrdə Babək rayonu üzrə 224, Şərur rayonu üzrə 178, Ordubad rayonu üzrə 92, Culfa rayonu üzrə 84, Şahbuz rayonu üzrə 83, Kəngərli rayonu üzrə 53, Sədərək rayonu üzrə 8 fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb.

Qeyd edək ki, vətəndaşlara qeydiyyat prosesi üçün tələb olunan dövlət rüsumu və xidmət haqqını Xidmətin internet saytında yerləşdirilmiş əmlak kalkulyatoru vasitəsilə hesablamaq və banklar, POS Terminal, ödəmə terminalları, o cümlədən onlayn qaydada ödəmək imkanı da yaradılıb.

Fərdi yaşayış evlərinin dövlət qeydiyyatına alınması ilə bağlı xidmətlər vətəndaşın istəyindən asılı olaraq 1, 3, 7 və 10 iş günü ərzində göstərilə bilər.

Baxılıb: 428