BABƏK RAYONUNDA DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİ ÜZƏRİNDƏ MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATA ALINMASI DAVAM ETDİRİLİB
14.11.2022
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, eləcə də vətəndaşların rahatlığının təmin edilməsi 2022-ci ilin oktyabr ayı ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən diqqət mərkəzində saxlanılıb.
Ayı ərzində idarə tərəfindən 18 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 47 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib. 7 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə olunub, 27 müayinə aktı yazılıb.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün 80 müraciət daxil olub, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qeydiyyata alınıb. Məhdudiyyət və yüklülüyə dair 44, əmlakın olub-olmamasına dair 17 arayış, 11 torpaq sahəsinə dair rəy verilib. 5 əmlakın bazar dəyərinə uyğun qiymətləndirilməsi icra edilərək müvafiq hesabatlar hazırlanıb.
KƏND TƏSƏRRÜFATI TƏYİNATLI TORPAQLARIN MÜNBİTLİYİNİN ARTIRILMASI İSTİQAMƏTİNDƏ İŞLƏR DAVAM ETDİRİLİR
04.11.2022
Deqradasiyaya məruz qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin münbitliyinin artırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, bol kənd təsərrüfatı məhsulu istehsalının təmin edilməsi məqsədilə ümumi torpaq fondundan təyinatına uyğun, səmərəli istifadə edilməsi, torpaqların münbitliyinin qorunması daima diqqətdə saxlanılır.
Təbii antropogen və texnogen amillərin təsiri ilə deqradasiyaya məruz qalan torpaqların uçotu və monitorinqi sistemlərinin təkmilləşdirilməsi, elektron xəritə materialları əsasında torpaqların vahid məlumat bazasının yaradılması məqsədilə Torpaqların elektron kadastr uçotu informasiya sistemində “Torpaqların keyfiyyət göstəricilərinin monitorinqi” modulunun yaradılması üçün iş ardıcıllıqları müəyyənləşdirilmiş, modulu yaradılaraq sistemin fəaliyyətini təmin edən proqram təminatında quraşdırılmışdır. Torpaqların keyfiyyət göstəricilərinə dair müvafiq məlumatların rəqəmsal kadastr xəritəsində əks olunması təmin edilmişdir.
“DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN İNVENTARLAŞDIRILMASI” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB
28.10.2022
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində yerli bölmələrin əməkdaşlarının və Naxçıvan Dövlət Universitetinin Xidmətin hamiliyinə verilmiş “Yerquruluşu və daşınmaz əmlakın kadastrı” ixtisasında təhsil alan II kurs tələbələrinin iştirak ilə “Daşınmaz əmlak obyektlərinin inventarlaşdırılması” mövzusunda təlim keçirilib.
Təlim daşınmaz əmlak sahəsində ixtisaslı kadrların yetişməsi, Xidmətin yerli bölmələrinin əməkdaşlarının bu sahədə bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədi ilə təşkil olunub. Təlimdə Xidmətin Daşınmaz əmlakın inventarlaşdırılmasına və qiymətləndirilməsinə nəzarət sektorunun müdiri Taleh Quliyev texniki inventarlaşdırma və torpaq ölçmələrinin nəticələrinin rəsmiləşdirilməsi, kadastr planında əks olunan məlumatların məcmusu, texniki pasporta daxil edilən əsas göstəricilər, tikililərdə ara məsafəsi ilə bağlı qaydalar, yaşayış, ictimai, istehsalat binalarının sahələrinin tikinti sahəsinin və tikinti həcminin hesablanması qaydaları haqqında ətraflı məlumatlar verib.
MUXTAR RESPUBLİKADA DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ BAĞLI VƏTƏNDAŞLARA 23 NÖVDƏ ELEKTRON XİDMƏT GÖSTƏRİLİR
28.10.2022
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Daşınmaz əmlakın qeydiyyatı sisteminin təkmilləşdirilməsi, bu sahədə xidmətlərin vətəndaşlar üçün əlçatanlığının təmin olunması, onların təqdim olunan xidmətlərdən rahat yararlanmaları məqsədilə xidmətlərin rəqəmsal mühitə daşınması, operativlik, nəzakətlilik və rahatlıq prinsiplərinə uyğun keyfiyyətli xidmətlərin göstərilməsi daima diqqətdə saxlanılır.
Xidmətin fəaliyyət istiqamətləri üzrə daşınmaz əmlak və torpaq məsələləri bağlı vətəndaşlara 23 növdə elektron xidmət göstərilir. Elektron çıxarışdan rahat istifadənin təmin edilməsi və tələb olunan xidmət haqlarının elektron qaydada ödənilməsi məqsədilə “Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın verilməsi”, “Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın yoxlanılması” və “Xidmət haqqının ödənilməsi” xidmətləri də vətəndaşların istifadəsinə verilib. Ümumi Notariat Elektron Məlumat Sistemi ilə daşınmaz əmlakın elektron qeydiyyat sistemi arasında avtomatlaşdırılmış məlumat mübadiləsi təmin olunmuşdur ki, bu da vətəndaşların daşınmaz əmlakla bağlı əməliyyatları daha operativ qaydada həyata keçirmələrinə şərait yaradıb.
