Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - KƏNGƏRLİ RAYONUNDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

KƏNGƏRLİ RAYONUNDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

22.12.2022

Torpaqlardan təyinatına uyğun, səmərəli istifadənin təmin edilməsi məqsədi ilə Kəngərli rayonunun torpaq mülkiyyətçilərinin, istifadəçi və icarəçilərinin, bələdiyyələrinin iştirakı ilə keçirilən seminar-müşavirədə bitkilərin qida maddələrinə olan tələbatının ödənilməsinin məhsuldarlığa təsirindən bəhs olunub.

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirədə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Nuran Şahhüseynov rayonun coğrafi mövqeyinə uyğun kənd təsərrüfatı sahələrinin inkişaf istiqamətlərindən, təsərrüfatçılara göstərilən dövlət qayğısından danışıb.

Tədbirdə kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün torpağın münbitliyinin qorunub saxlanılması və onun artırılması yolları, əkin dövriyyəsindən kənarda qalan torpaqların əkinə cəlb olunması istiqamətində qarşıda duran vəzifələr iştirakçıların diqqətinə çatdırılıb. Mütəxəssislər tərəfində torpaq analizlərinin aparılması ilə bağlı məlumat verilib.

Vurğulanıb ki, torpaqların qida maddələri ilə təmin olunma kartoqramları müxtəlif ərazilərdən götürülən torpaqların laborator analizlərindən alınan yekun nəticələrə uyğun hazırlanır, lazımi gübrə normaları müəyyənləşdirilir. Kartoqramlardan düzgün istifadə sahələrdən yüksək məhsul götürülməsinə təminat verir.

Bildirilib ki, cari ildə Kəngərli rayonunun Çalxanqala, Yurdçu, Qabıllı və Yeni Kərki kəndlərinin torpaqlarının laboratoriya şəraitində analizləri aparılıb, təqdim olunmuş məlumatlar əsasında müvafiq kartoqramlar hazırlanıb.

Müşavirədə torpaqların qida maddələri ilə təmin olunma kartoqramlarından istifadə qaydaları barədə ətraflı məlumat verilib, hazırlanan kartoqramlar aid bələdiyyələrə təqdim edilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və maarifləndirici bukletlər təqdim olunub.

Baxılıb: 126