Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DÖVLƏT QULLUQÇUSUNUN XİDMƏTİ FƏALİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİNƏ VƏ KARGÜZARLIĞIN APARILMASI QAYDALARINA DAİR TƏLİM KEÇİRİLİB

DÖVLƏT QULLUQÇUSUNUN XİDMƏTİ FƏALİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİNƏ VƏ KARGÜZARLIĞIN APARILMASI QAYDALARINA DAİR TƏLİM KEÇİRİLİB

12.12.2022

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində keçirilən təlimə Xidmətin aparatının, şəhər, rayon idarə və şöbələrinin əməkdaşları cəlb olunub. Təlimdə Xidmətin ümumi şöbə müdiri Ruslan Rüstəmov dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi və dövlət orqanlarında kargüzarlığın aparılması qaydaları barədə ətraflı məlumat verib.

Təlim iştirakçılarının diqqətinə çatdırılıb ki, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən həyata keçirilir. Burada əsas məqsəd dövlət qulluqçusunun təqvim ili ərzində vəzifəsinin öhdəsindən gəlməsini və tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən və onun gələcək inkişafını təmin etməkdən ibarətdir.

Qeyd olunub ki, 3 may 2021-ci ildə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası” təsdiq edilib. Həmin qayda dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması, bu imkanlardan səmərəli istifadə edilməsi və digər sahələri tənzimləyir.

  

Diskussiya şəraitində keçirilən təlimdə kargüzarlığın aparılması qaydalarını da ətraflı izah edən Ruslan Rüstəmov kargüzarlıq sahəsində əsas vəzifələr, sənədlərin hazırlanması, rəsmiləşdirilməsi üçün ümumi tələblərdən ətraflı danışıb. Xidmətin əməkdaşlarına sənədlərə əlavələrin edilməsi qaydası, arayışların, məlumat vərəqələrinin, aktın, məktubların hazırlanması və tərtibi, sənəd dövriyyəsinin təşkili və digər zəruri məsələlərlə bağlı müfəssəl məlumat verilib.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallara da aydınlıq gətirilib.

Baxılıb: 183