İQTİSADİYYAT NAZİRİ MİKAYIL CABBAROV ÖZBƏKİSTANDA İŞGÜZAR SƏFƏRDƏDİR
03.05.2024
Azərbaycan nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri çərçivəsində əməkdaşlığın genişləndirilməsi və birgə təşəbbüslərin reallaşdırılması barədə müzakirələr aparılıb.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanda bu ölkənin investisiya, sənaye və ticarət naziri Laziz Kudratovla görüşüb. Görüşdə vurğulanıb ki, dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən yüksək səviyyəli görüşlər Özbəkistanla strateji tərəfdaşlığın daha da güclənməsinə münbit şərait yaradıb.
NAXÇIVANDA DÖVLƏT VERGİ XIDMƏTİNİN YENİLƏNMİŞ SAYTININ TƏQDİMATI OLUB
01.05.2024
Naxçıvanda keçirilən “Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yenilənmiş – ntaxes.gov.az saytının təqdimatı olub.
Tədbirdə Dövlət Vergi Xidmətinin bölmə rəisi Qəzənfər Bayramov saytın yenilənməsini zəruri edən amillərdən danışıb. Qeyd olunub ki, məlumatların əlçatanlığı baxımından veb saytın yaradılması vacib şərtlərdən biridir: “Dövlət Vergi Xidmətinin rəsmi internet saytının yenilənməsində əsas məqsəd istifadəçilərin rahatlığını təmin etmək və saytı müasir tələblərə uyğunlaşdırmaqdır. Bu baxımdan vergi ödəyicilərinin məlumatlandırılması və ictimaiyyətlə əlaqələr sahəsində əsas kommunikasiya vasitələrinin təkmilləşdirilməsi məqsədilə Xidmətin informasiya resursu yenilənərək AzStateNet şəbəkəsinə köçürülüb. Yenilənmiş saytda vergi orqanları ilə vergi ödəyiciləri və biznes strukturları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi, əhalinin və sahibkarların maraqlarının daha asan və çevik təmin olunması xətti öz əksini tapıb. Bu internet resursu Dövlət Vergi Xidmətinin fəaliyyət istiqamətləri haqqında məlumatların və bu sahədə olan yeniliklərin operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcək”.
AYİB-LƏ ƏMƏKDAŞLIĞIN GÜNDƏMİNDƏ OLAN MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLİB
23.04.2024
İqtisadiyyat Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə regional direktoru Alkis Vryenios Drakinosla görüşdə əməkdaşlıq və birgə həyata keçirilən layihələr müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Alkis Vryenios Drakinosla görüşüb.
Görüşdə Azərbaycan və AYİB arasında müxtəlif istiqamətlər üzrə uğurlu əməkdaşlığın mövcud olduğu və ölkəmizin qurumla əlaqələrin inkişafına önəm verdiyi vurğulanıb. Ətraf mühit, enerji, nəqliyyat, tranzit və digər sahələr üzrə bankla birgə həyata keçirilən layihələrin iqtisadiyyatın diversifikasiyasına töhfə verdiyi qeyd olunub. Qarşıya qoyulmuş inkişaf hədəflərinin reallaşdırılması istiqamətində işbirliyi imkanları, xüsusilə bərpa olunan və alternativ enerji, özəl sektorun inkişafı, dövlət-özəl tərəfdaşlığının inkişafı, infrastruktur və digər istiqamətlər üzrə prioritet layihələr barədə məlumat verilib.
İQTİSADİYYAT NAZİRLİYİNDƏ NAXÇIVAN MUXTAR RESPUBLİKASININ 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
22.04.2024
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, həmçinin müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları, tələbələr iştirak ediblər.
