NAXÇIVANIN TÜRKİYƏ İLƏ “SƏRHƏDYANI TİCARƏT” İMKANLARI MÜZAKİRƏ OLUNUB
19.03.2024
Martın 19-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliynin təşəbbüsü, Nazirliyin Türkiyədəki Ticarət Nümayəndəliyinin əlaqələndirilməsi ilə “Sərhəd ticarəti” mexanizmi mövzusunda onlayn formatda görüş keçirilib.
Türkiyə Respublikasının Ticarət Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının aidiyyəti qurumlarının rəhbərlərinin və əməkdaşlarının iştirak etdiyi görüşdə Naxçıvan Muxtar Respublikasında istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının Türkiyə Respublikasına sərhəd ticarəti çərçivəsində ixracı imkanları müzakirə olunub.
Görüşdə Türkiyə Respublikası Ticarət Nazirliyinin İxrac üzrə baş idarəsinin direktoru Ali Kılıçkaya, Azərbaycan Respublikasının Türkiyə Respublikasında Ticarət nümayəndəsi Tamerlan Tağıyev və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Azərbaycan və Türkiyə Respublikaları arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılmasında sərhədyanı ticarətin yarada biləcəyi imkanlar və digər önəmli məsələlər ətrafında çıxış ediblər.
ŞAHBUZ RAYONUNDA DAŞINMAZ ƏMLAKLA BAĞLI MÜRACİƏTLƏR OPERATİV CAVABLANDIRILIB
19.03.2024
Xidmətin rayon şöbəsi tərəfindən cari ilin fevral ayı ərzində torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarət daha da artırılıb, qəbul edilən vətəndaş müraciətlərinə vaxtında baxılıb və göstərilən xidmətlərdən sakinlərin öz yaşayış məntəqələrində yararlanması məqsədilə rayonda səyyar xidmət göstərilib.
Şöbə tərəfindən ötən ay 13 fərdi yaşayış evinə, 1 qeyri-yaşayış binasına və 4 mənzilə məxsus texniki pasport hazırlanıb, torpaq sahəsinə dair plan və ölçünün hazırlanması üçün 13, hüquqların dövlət qeydiyyatına alınması üçün 31 müraciətə baxılaraq müvafiq məsələlər qanunvericiliyə uyğun icra edilib.
FEVRAL AYINDA NAXÇIVAN ŞƏHƏRİNDƏKİ 100-DƏN ÇOX ƏMLAKA DAİR TEXNİKİ SƏNƏD HAZIRLANIB
18.03.2024
Cari ilin ötən ayında Naxçıvan şəhəri üzrə torpaq və digər daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müdafiəsi sahəsində işlərin daha səmərəli təşkili diqqət mərkəzində saxlanılıb, sakinlərin müraciətləri qanunvericiliyə uyğun icra edilib.
Hesabat dövründə 47 fərdi yaşayış evinə, 20 mənzilə və 2 qeyri-yaşayış sahəsinə məxsus ümumilikdə, 69 daşınmaz əmlak obyektinin texniki pasportu və 37 torpaq sahəsinin plan və ölçüsünün hazırlanması ilə bağlı idarəyə cəmi 106 müraciət daxil olub. Texniki sənədlərin hazırlanması zamanı 16 müayinə aktı yazılıb, 18 bölgü planı tərtib edilərək arxiv sənədlərinə əlavə edilib. 1 əmlakın bazar dəyərinə uyğun qiymətləndirilməsi icra edilib.
AZƏRBAYCAN-İRAQ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MÜZAKİRƏ OLUNUB
19.03.2024
İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudani Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İraqın Azərbaycanla əlaqələrin möhkəmlənməsində maraqlı olduğu bildirilib. Azərbaycan-İraq əlaqələrinin hər iki ölkənin dövlət başçılarının birgə səyləri ilə yaradılmış dostluq münasibətləri əsasında inkişaf etdiyi qeyd olunub.
