“NAXÇIVANDA BİZNESƏ MALİYYƏLƏŞMƏ DƏSTƏYİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB
29.07.2024
26 iyul tarixində Naxçıvanda Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, 10-a yaxın bankın iştirakı ilə maliyyə resurslarına əlçatanlığın təmin edilməsi, kredit təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi, sahibkarların güzəştli kreditlərin verilməsi qaydaları ilə ətraflı tanış edilməsi, muxtar respublikanın investisiya mühitinin tanıdılması, dövlət proqramı ilə müəyyən edilmiş prioritetlərə çatmaq məqsədilə “Naxçıvanda biznesə güzəştli maliyyələşmə dəstəyi” mövzusunda konfrans keçirilib.
Konfransda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda 11 prioritet istiqamət və Naxçıvanda 2024-cü il üçün 4 əsas istiqamət - aqrar sahə, turizm, nəqliyyat-logistika, yaşıl enerji, həmçinin yeni iş yerlərinin, əlavə dəyər yaradan sahələrin maliyyələşdirilməsi, sənaye, o cümlədən emal sənayesi və real sektorun digər sahələri əsas prioritet olduğu vurğulanıb.
Həmçinin şəffaflaşma məqsədilə Naxçıvan Muxtar Respublikasında 2023-cü il və 2024-cü ilin hesabat dövründə yumşaq keçid tətbiq edilib, vergi nəzarəti tədbirlərinin minimuma endirildiyi diqqətə çatdırılıb.
Eyni zamanda 2022-ci illə müqayisədə 2023-cü ildə səyyar vergi yoxlamalarının sayı 9 dəfəyədək, operativ vergi nəzarəti tədbirlərinin sayı isə 4 dəfədən çox azaldılıb. Bu dövr ərzində vergi orqanının təşəbbüsü ilə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirilməyib. Həmçinin cari ilin aprel-iyun ayları ərzində keçirilmiş nəzarət tədbirlərinin sayı aktiv vergi ödəyicilərinin cəmi 0,8 faizini təşkil etdiyi bildirilib.
Nazir müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Naxçıvan Muxtar Respublikasında cari ilin I yarımili ərzində iqtisadi aktivlik göstəricilərini diqqətə çatdırıb.
Həmçinin nazir müavini Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti yenidən təşkili, aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Müşahidə Şurasının yaradılması, güzəştli kreditlərin real sektora yönləndirilməsinin təşviqi, kredit bazarı iştirakçıları ilə səmərəli, şəffaf əməkdaşlıq kimi hədəflərin müəyyən olunduğunu diqqətə çatdırıb.
Nazir müavini Sahibkarlığın İnkişafı Fonduna öhdəlik olaraq vaxtında qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 16 milyon manata yaxın olubsa, iyulun 1-nə 10,1 milyon manat və yaxud 63,5 % az - 5,8 milyon manat olub. Nəticədə Fondun ehtiyatlarının qalıq məbləği 2,4 dəfə artaraq 6,7 milyon manatdan 16,1 milyon manata çatıb. Həmçinin bu ilin 6 ayında vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25,4 dəfə çox oluğunu vurğulayıb.
Abbas İsmayılov vurğulayıb ki, fond gələcəkdə də maliyyə əlçatanlığının artırılması istiqamətində fəaliyyətini davam etdirəcək, Naxçıvanın iqtisadi artımına təsir edən layihələri dəstəkləyəcək.
Konfransda həmçinin Rabitə bankla Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb bununlada müvəkkil kredit təşkilatlarının sayı 4-ə çatdırılıb.
İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov iş adamlarına müraciət edərək real sektora və prioritet sahələrə yönəlmiş layihələrini Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirmə imkanlarından istifadə etməyə dəvət edib.
Baxılıb: 75