AZƏRBAYCAN VƏ BƏƏ BİRGƏ HÖKUMƏTLƏRARASI KOMİSSİYANIN 9-CU İCLASI KEÇİRİLİB
02.08.2024
Şuşada Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib.
Şuşada Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov və BƏƏ-nin iqtisadiyyat naziri, Komissiyanın həmsədri Abdulla Bin Touq Al Marri arasında görüş keçirilib.
Görüşdə Azərbaycan-BƏƏ arasında münasibətlərin qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığı, hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında mühüm rolu vurğulanıb. Qeyd edilib ki, qarşılıqlı səfərlər, aparılan müzakirələr əlaqələrin yeni istiqamətlərinin müəyyənləşdirilməsində xüsusi rol oynayır. Diqqətə çatdırılıb ki, bu gün Şuşada 9-cu iclası keçirilən Azərbaycan və BƏƏ arasında Birgə Hökumətlərarası Komissiya, BƏƏ-də Azərbaycanın Ticarət Nümayəndəliyinin və Dubay şəhərindəki Azərbaycan Ticarət Evinin fəaliyyəti işgüzar əlaqələrin inkişafına xidmət edir.
İkitərəfli görüşdə əməkdaşlığın inkişafı üçün böyük potensial olduğu diqqətə çatdırılıb, qarşılıqlı ticarət həcminin daha da artırılması və strukturunun şaxələndirilməsinin önəmi vurğulanıb. “Yaşıl enerji” və turizm üzrə potensial investisiya layihələri, Azərbaycan-BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin imzalanması istiqamətində həyata keçirilən danışıqlar barədə müzakirələr aparılıb.
Daha sonra Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib.
İclasda çıxış edən iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov Azərbaycanla BƏƏ arasında tərəfdaşlığın istər dövlətlərarası, istərsə də işgüzar dairələr arasında uğurla inkişaf etdiyini, ticarət dövriyyəsinin həcminin artdığını və birgə təşəbbüslərin müsbət nəticələr verdiyini diqqətə çatdırıb.
Tədbir iştirakçılarına ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, yaradılmış sənaye zonalarının fəaliyyəti və Ələt Azad İqtisadi Zonasının imkanları, xarici sərmayədarlar üçün yürüdülən “açıq qapı” siyasəti barədə məlumat verilib, BƏƏ investorları tətbiq olunan investisiya təşviqi mexanizmlərindən faydalanmağa, birgə layihələrin icrasına dəvət ediliblər.
BƏƏ-nin iqtisadiyyat naziri, Komissiyanın həmsədri Abdulla Bin Touq Al Marri Azərbaycana səfərindən və Komissiyanın iclasının Şuşa şəhərində təşkilindən məmnunluğunu ifadə edərək, ölkəmizin böyük inkişafa nail olduğunu, Azərbaycanın təşəbbüsü ilə əhəmiyyətli enerji, nəqliyyat və logistika layihələrinin reallaşdırıldığını vurğulayıb. Ölkələrimiz arasında çoxsahəli əməkdaşlığın gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin yeni birgə layihələrin reallaşdırılmasına, iqtisadi-ticarət münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminlik ifadə edilib.
Tərəflər iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsi, “yaşıl” enerji və digər sahələrdə birgə təşəbbüslərin reallaşdırılması, COP29 çərçivəsində potensial əməkdaşlıq istiqamətləri kimi məsələləri müzakirə ediblər.
İclasda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və BƏƏ-nin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri imzalayıblar. Sənəddə ticarət-investisiya, KOB-ların dəstəklənməsi, innovasiya və rəqəmsallaşma, enerji, o cümlədən “yaşıl enerji”, sənaye, kənd təsərrüfatı, qida təhlükəsizliyi, ətraf mühit, meliorasiya və su idarəçiliyi, nəqliyyat-logistika, rabitə və yüksək texnologiyalar, elm və təhsil, turizm, səhiyyə, mədəniyyət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Baxılıb: 104