Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - AZƏRBAYCAN-ÖZBƏKİSTAN İQTİSADİ MÜNASİBƏTLƏRİNİN İNKİŞAFI ÜÇÜN BÖYÜK POTENSİAL VAR

AZƏRBAYCAN-ÖZBƏKİSTAN İQTİSADİ MÜNASİBƏTLƏRİNİN İNKİŞAFI ÜÇÜN BÖYÜK POTENSİAL VAR

11.07.2024

Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana işgüzar səfərində iqtisadi tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə möhkəmləndirilməsi imkanları müzakirə olunub.  

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib, Buxarada iqtisadi sahədə birgə fəaliyyətin genişləndirilməsi məqsədilə yeni imkanlar nəzərdən keçirilib.

Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovla görüşdə vurğulanıb ki, Azərbaycan və Özbəkistan dövlət başçıları iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verir ki, bu da hər iki ölkəninin iqtisadi inkişafına töhfə verməklə yanaşı, regional inkişafı stimullaşdırır.

Görüşdə ölkələrimiz arasında müxtəlif iqtisadi istiqamətlər üzrə yeni imkanlar nəzərdən keçirilib, bu məqsədlə birgə təşəbbüslərin artırılmasının önəmi qeyd olunub. Tərəflər sənaye, kənd təsərrüfatı, enerji, o cümlədən, bərpa olunan enerji, həmçinin karbonsuzlaşma sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 13-cü iclası keçirilib.

Hökumətlərarası Komissiyanın həmsədrləri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov Komissiyanın işgüzar münasibətlərin inkişafı və birgə layihələrin icra edilməsi üçün səmərəli platforma olduğunu vurğulayıblar.

Qeyd olunub ki, ticarət sahəsində əməkdaşlıq Özbəkistanla iqtisadi münasibətlərdə əsas istiqamətlərdəndir. Ötən il Özbəkistanla ticarət dövriyyəsinin həcmi 180 milyon ABŞ dollarına yaxın olub. Bu ilin ilk 5 ayında isə bu göstərici təqribən 70 milyon ABŞ dolları təşkil edib. Azərbaycanda sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələri üzrə 90-dan çox Özbəkistan şirkəti qeydiyyatdan keçib.

Sənayeyə birgə investisiya qoyuluşu uğurlu əməkdaşlıq nümunələri yaradıb. Hacıqabul Sənaye Parkında birgə layihə çərçivəsində avtomobil istehsal edilir. Bu il iyulun 1-nə olan məlumata görə, əməkdaşlıq çərçivəsində 5300-dən çox “Chevrolet” avtomobili istehsal edilib. Bundan başqa, birgə pikap, yük maşını və avtobus istehsalı həyata keçirilir.

Azərbaycanda pambıqçılıq və ipəkçilik klasterlərinin yaradılması istiqamətində uğurlu işbirliyi davam etdirilir. Regionlararası forumlar bu sahədə, eləcə də mədəni əlaqələrin daha da genişlənməsinə töhfə verir. Azərbaycan və Özbəkistanın nəqliyyat-tranzit sahəsində də böyük potensialı var.  

İkitərəfli əməkdaşlığın digər perspektivli sahəsi enerji sektorudur. İki ölkənin şirkətləri - SOCAR və "Uzbekneftegaz" ASC Azərbaycan və Özbəkistanda neft yataqlarının birgə işlənməsi, neft-qaz sektorunda layihələrin həyata keçirilməsi və digər sahələrdə əməkdaşlıq edir. Gələcəkdə Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə Avropaya elektrik enerjisinin ixracı imkanları nəzərdən keçirilir. Azərbaycan iri elektrik enerjisi istehsalçısı və ixracatçısı kimi öz ərazisindən elektrik enerjisinin tranziti üçün geniş imkanlar açır. 2024-cü ilin mayında imzalanmış Azərbaycan, Özbəkistan və Qazaxıstanın enerji sistemlərinin birləşdirilməsinə dair Əməkdaşlıq Memorandumu bu sahədə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın göstəricisidir.

Qeyd edilənlərlə yanaşı, səhiyyə, turizm, mədəniyyət, təhsil və digər sahələrdə də uğurlu tərəfdaşlıq həyata keçirilir.

Komissiyanın iclasında ölkəmizdə iqtisadi fəallığın artırılması və əlverişli biznes mühitinin yaradılması üçün tətbiq edilən müxtəlif stimullaşdırma mexanizmləri, işğaldan azad edilmiş ərazilərin biznes potensialı, həyata keçirilən infrastruktur layihələri və s. barədə məlumat verilib. Bildirilib ki, özbəkistanlı sahibkarlar Azərbaycandakı sənaye zonalarında və Ələt Azad İqtisadi Zonasındakı güzəştlərdən yararlanaraq rəqabətqabiliyyətli fəaliyyət qura bilər.

Tədbirin sonunda iclasın yekunlarına dair protokol imzalanıb. Sənəddə iqtisadi-ticarət, enerji, nəqliyyat-tranzit, kənd təsərrüfatı, innovasiyalar və digər istiqamətlər üzrə tərəfdaşlığın möhkəmləndirilməsi əksini tapıb.

Baxılıb: 83