NAXÇIVAN MUXTAR RESPUBLİKASININ SAHİBKARLIĞIN İNKİŞAFI FONDUNUN VƏSAİTLƏRİ ÜZRƏ VAXTI KEÇMİŞ KREDİTLƏR 62 FAİZ AZALIB
13.06.2024
Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu fəaliyyətini mövcud qanunvericiliyə uyğun formalaşdırıb. Fondun nizamnaməsinə müvafiq olaraq Müşahidə Şurası yaradılıb və müvafiq qərarlar qəbul edilib.
Hesabat dövrü ərzində fondun kredit qoyuluşlarının artması nəticəsində kredit portfelinin diversifikasiyası təmin edilib, hal-hazırda Fondun aktiv portfeli 52,5 milyon manat təşkil edir.
2024-cü il 1yanvar tarixinə Sahibkarlığın İnkişafı Fonduna öhdəlik üzrə qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği 15,5 milyon manat təşkil edib, 2024-cü il 13 iyun tarixinə 9,6 milyon manat və ya 62 faiz azalaraq 5,9 milyon manata endirilib.
NAXÇIVANDA ÖZƏLLƏŞDİRMƏ VƏ İCARƏDƏN DÖVLƏT BÜDCƏSİNƏ DAXİL OLAN VƏSAİT 5 DƏFƏDƏN ÇOX ARTIB
13.06.2024
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-may aylarında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 868,5 min manat vəsait ödənilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 dəfə çoxdur.
5 aylıq ödənişin 819,5 min manatı və ya 94,4 faizi özəlləşdirmədən daxilolmaların payına düşüb.
Ötən 5 ayda 55 icarə müqaviləsi bağlanılıb. Bunlardan 6-sı xidmət mərkəzi, 22-si qeyri-yaşayış sahəsi, 27-si isə torpaq sahələri üzrə olub.
NAXÇIVANDA 4 MİNƏ YAXIN DAŞINMAZ ƏMLAKA ÇIXARIŞ VERİLİB
11.06.2024
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu ilin yanvar-may ayları ərzində daşınmaz əmlak üzərində 3958 mülkiyyət hüququ qeydiyyata alaraq çıxarışla təmin edib.
Bu göstəricinin 1358-i və yaxud 34,3 faizi ilkin, 2600-ü və yaxud 65,7 faizi isə təkrar qeydiyyatın payına düşüb.
Cari ilin ilk 5 ayı ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 1427-si fərdi yaşayış və bağ evi, 701-i mənzil, 1581-i torpaq sahəsi, 65-i qeyri-yaşayış binası, 170-i qeyri-yaşayış sahəsi, 13-ü əmlak kompleksidir.
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA 24 DÖVLƏT ƏMLAKININ SATIŞI ÜZRƏ HƏRRACLAR KEÇİRİLƏCƏK
10.06.2024
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 09 fevral 2024-cü il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Naxçıvan Muxtar Respublikası Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əsasında “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs yaradılmış, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 2024-cü il 01 mart tarixli 79 nömrəli əmri ilə publik hüquqi şəxsin nizamnaməsi təsdiq edilmişdir.
Nizamnaməsinə uyğun olaraq mərkəz dövlət sifarişi əsasında dövlət əmlakının, dövlətə məxsus olan hüquqi şəxslərin, onların bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin, dövlət nəfinə keçməklə müsadirə olunmuş, xüsusi müsadirə edilmiş əmlakın, üzərinə həbs qoyulmuş dövlət əmlakının, dövlətin xeyrinə imtina edilmiş və dövlət mülkiyyətinə keçirilmiş əmlakın hərraclarda satışını həyata keçirir.
