İQTİSADİYYAT NAZİRLİYİNDƏ İXRACLA BAĞLI MÜZAKİRƏLƏR APARILIB
12.02.2024
Fevralın 12-də Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov sahibkarlarla görüşüb. Görüşdə muxtar respublikadan Türkiyəyə güzəştli rejim çərçivəsində ixracın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Naxçıvan iqtisadiyyatının davamlı inkişafına böyük önəm verildiyini diqqətə çatdıran Abbas İsmayılov bölgənin potensialının reallaşdırılması və yeni məhsulların ixrac imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
HACIQABUL SƏNAYE MƏHƏLLƏSİNDƏ MƏHSUL İSTEHSALI 3 DƏFƏDƏN ÇOX ARTIB
12.02.2024
Hacıqabul Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən bugünədək 45,6 milyon manat investisiya yatırılıb, mövcud layihələr üzrə əlavə olaraq 119 milyon manat investisiyanın da yatırılması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində indiyədək 162 milyon manatdan çox məhsul istehsal edilib. Bundan başqa, Sənaye Məhəlləsində məhsul istehsalında da müsbət dinamika müşahidə olunur. 2022-ci ildə Sənaye Məhəlləsində 38 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2023-cü ildə 3 dəfədən çox (118 milyon manatdan çox) məhsul istehsal olunub.
Sənaye Məhəlləsində ümumi investisiya həcmi 164,5 milyon manat olan 14 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və bunlardan 9-u fəaliyyətə başlayıb. Bugünədək Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən 45,6 milyon manat investisiya yatırılıb, 220-dən çox daimi iş yeri yaradılıb.
Növbəti mərhələdə mövcud layihələr üzrə Sənaye Məhəlləsinə əlavə olaraq 119 milyon manat investisiyanın yatırılması, 1500-dən artıq daimi iş yerinin yaradılması planlaşdırılır.
"UĞUR YOLU" KARYERA İNKİŞAFI PROQRAMININ YARIMFİNAL MƏRHƏLƏSİ YEKUNLAŞIB
08.02.2024
"Uğur yolu" 2023 karyera inkişafı proqramının yarımfinal mərhələsində iştirak edən 94 nəfərdən 38-i finala vəsiqə qazanıb.
İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşları arasında keçirilən növbəti "Uğur yolu" 2023 karyera inkişafı proqramının yarımfinal mərhələsinin nəticələri açıqlanıb. Yarımfinal mərhələsində iştirak edən 94 nəfərdən 38-i finala vəsiqə qazanıb.
Bu mərhələdə iştirakçılar 2 onlayn imtahana qatılıblar. Virtual otaqlarda müxtəlif tapşırıqlar əsasında komanda formasında yarışan əməkdaşların bilik və bacarıqları fərqli meyarlar əsasında qiymətləndirilib.
Müsabiqənin bütün mərhələlərini uğurla keçən iştirakçılar fərdi inkişaf proqramlarına - müxtəlif təlimlər, kouçinq sessiyaları, Nazirliyin rəhbər vəzifəli şəxsləri ilə mentorluq proqramlarına cəlb olunacaqlar.
CARİ İLİN İLK AYINDA 740 DAŞINMAZ ƏMLAK OBYEKTİ QEYDİYYATA ALINIB
08.02.2024
2024-cü ilin yanvar ayında muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi diqqətdə saxlanılıb, vətəndaşların mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması operativ qaydada təmin edilib.
Ötən ay ərzində muxtar respublika üzrə ümumilikdə 740 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınıb. Texniki sənədlərin hazırlanması zamanı 173 əmlaka dair texniki pasport, 327 torpaq sahəsinə dair plan-ölçü tərtib olunub, ümumilikdə 500 texniki sənəd hazırlanaraq hüquq sahiblərinə təqdim edilib. İlkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 58 daşınmaz əmlak obyektinə ünvan verilib.
Vətəndaşların müraciətləri nəzərə alınaraq ötən ay əmlaklarının məhdudiyyət və yüklülüyünə dair 115 arayış verilib, notariat ofislərinə əmlaklara dair məhdudiyyət və yüklülük haqqında 499 halda elektron məlumat göndərilib.
