Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - “NAXÇIVANDA DÖVLƏT-ÖZƏL TƏRƏFDAŞLIĞINA HƏSR EDİLMİŞ “SAHİBKARLARA DƏSTƏK KONFRANSI” KEÇİRİLİB

“NAXÇIVANDA DÖVLƏT-ÖZƏL TƏRƏFDAŞLIĞINA HƏSR EDİLMİŞ “SAHİBKARLARA DƏSTƏK KONFRANSI” KEÇİRİLİB

08.05.2024

Mikro, kiçik  və orta sahibkarlığın dəstəkçisi olan AccessBankın geniş tərkibdə Naxçıvana səfəri baş tutub. Bu səfər çərçivəsində  8 may tarixində  Naxçıvan Biznes Mərkəzində “Naxçıvanda dövlət-özəl tərəfdaşlığına həsr edilmiş  “Sahibkarlara Dəstək Konfransı” keçirilib.

Konfransda əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, sonra “AccessBank”-ın İdarə Heyəti Sədrinin müavini İlkin Quliyev açılış nitqi ilə çıxış edib, tədbirin təşkil edilməsində əsas məqsədin sektorlararası dialoqun yaradılmasına kömək etmək, əlçatan və effektiv maliyyələşmə mexanizmlərini nəzərdən keçirmək olduğunu bildirib. 

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Abbas İsmayılov sahibkarlar üçün Naxçıvanda yaradılan yeni imkanlardan danışıb. Bildirib ki, 2024-cü ilin ilk 4 ayında Naxçıvanda yeni qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz artıb.

Nazir müavini qeyd edib ki, Naxçıvanda hazırda iqtisadi aktivlik sahibkarlıq subyektlərinin artımı ilə müşayiət olunur, ƏDV ödəyicilərinin sayı 2024-cü ilin yanvar-aprel ayları ərzində isə ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 faiz artıb, 1 may 2024-cü il tarixə quraşdırılan kassa aparatlarının sayı ilin əvvəli ilə müqayisədə isə 20,4 faiz çoxdur.

“İqtisadi inkişafa və şəffaflığa xidmət edən nağdsız ödənişlər 2023-cü ildə 617,6 milyon manat təşkil edib ki, bu da bir il öncəki göstəricidən 3 dəfə çox, bu tendensiya 2024-cü ilin 3 ayında da davam edərək 216,1 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur” - deyə Abbas İsmayılov vurğulayıb.

Qeyd olunub ki, ötən il Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumilikdə, sahibkarların 67 investisiya layihəsinin maliyyələşdirilməsinə 8,4 milyon manat güzəştli kredit ayrılıb.

Abbas İsmayılov 1 aprel 2024-cü il tarixədək Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun müvəkkil kredit təşkilatları vasitəsilə Naxçıvanda verdiyi kreditlərin 39,7 faizini “AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin maliyyələşdirdirdiyi layihələrin təşkil etdiyini diqqətə çatdıraraq AccessBankı Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq etməyə dəvət edib.

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Natali Mouravidze konfransda iştirakdan məmnunluğunu bildirib, göstərilən qonaqpərvərliyə görə təşəkkürlərini çatdırıb. Xanım Natali Mouravidze qeyd edib ki, bizneslərin maliyyəyə çıxış imkanlarını yaxşılaşdırmaq və daha rəqabətqabiliyyətli olmalarına kömək etmək üçün AccessBank ilə tərəfdaşlıq etdiklərini, AccessBankın güclü şəbəkəsi və öhdəliyi ilə kiçik və orta sahibkarlıq üçün inklüziv inkişaf və imkanlar təqdim etdiklərini, maliyyələşdirmələrini Azərbaycanın bütün regionlarına genişləndirməyi hədəflədiklərini bildirib.

Sonra Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin Sədri Novruz Novruzlu güzəştli kreditlərin verilməsi qaydası, “AccessBank” QSC sədr müavini Renat Hümbətov və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) əməkdaşı Elmin İbrahimov bankın fəaliyyət istiqamətləri haqqında slaytlar vasitəsilə təqdimatlar ediblər.

Baxılıb: 146