NAXÇIVANDA 3 NƏQLİYYAT VASİTƏSİ HƏRRAC YOLU İLƏ ÖZƏLLƏŞDİRİLİB
28.07.2025
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın dövlət qurumlarına məxsus 6 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib.
3 nəqliyyat vasitəsinin hərracında iştirak etmək üçün 6 sifarişçi qeydiyyatdan keçib. Rəqabətli keçən hərrac prosesində 3 sifarişçi hərracın qalibi adını qazanıb. Hərraca çıxarılan nəqliyyat vasitələrindən 2-sinin yekun qiyməti ilkin satış qiymətindən 36% yüksək olub.
Digər 3 nəqliyyat vasitəsinə isə sifariş olmadığından həmin hərraclar baş tutmamış hesab edilib.
ÇEXİYADA İQTİSADİ ƏMƏKDAŞLIĞA DAİR GÖRÜŞLƏR KEÇİRİLİB
23.07.2025
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Çex Respublikasına işgüzar səfəri çərçivəsində keçirilmiş görüşlərdə iqtisadi tərəfdaşlığın gündəliyində duran məsələlər müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çex Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin sənaye və ticarət naziri Lukaş Vlçek ilə görüşüb. Görüşdə Azərbaycan-Çexiya əlaqələrinə önəm verildiyi, tərəfdaşlığın genişləndirilməsində Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın rolu, qarşılıqlı səfərlərin, aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb. Tərəflər iqtisadi əməkdaşlıq kontekstində ikitərəfli ticarət dövriyyəsinin artırılması, enerji, sənaye, nəqliyyat, tranzit, turizm və investisiyalar üzrə birgə fəaliyyətin gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Çex Respublikasının nəqliyyat naziri Martin Kupka ilə görüşdə Azərbaycanın sosial-iqtisadi hədəfləri və onlara nail olunması məqsədilə görülən işlər, əldə edilən nəticələr, ölkəmizin əlverişli işgüzar mühiti, yeni reallıqlar şəraitində artan nəqliyyat-tranzit potensialı, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumat verilib. Bildirilib ki, nəqliyat və tranzit istiqamətləri Çexiya ilə iqtisadi sahədə əməkdaşlığın prioritet istiqamətlərindəndir.
İQTİSADİYYAT NAZİRİ KAZIM HÜSEYNƏLİYEV NAZİRLİYİN 2025-Cİ İLİN BİRİNCİ YARIMİLİ ÜZRƏ FƏALİYYƏTİ VƏ ƏLDƏ OLUNAN NƏTİCƏLƏRİ AÇIQLAYIB
22.07.2025
2025-ci ilin ilk 6 ayı ərzində muxtar respublikada istehsal olunan məhsullar Gürcüstan, Rusiya, Yəmən, Türkiyə, ABŞ, Qırğızıstan və digər ölkələrə ixrac edilib. Ümumi ixrac dəyəri 5,8 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,0 faiz çoxdur.
2025-ci ilin birinci yarımili ərzində ixrac potensialının genişləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə ölkə daxilində və xaricdə keçirilən 11 beynəlxalq tədbirdə 45 sahibkarın iştirakı təmin olunub, 13 şirkətin məhsulları 3 beynəlxalq sərgidə nümayiş etdirilib. Naxçıvandan ixrac olunan mallara 183 mənşə sertifikatı verilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz çoxdur.
İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 23 lisenziya verilib. Bu lisenziyaların 43,5 faizi əczaçılıq, 13,0 faizi sürətli poçt xidməti, 8,7 faizi özəl tibb sahəsinə, 34,8 faizi isə digər fəaliyyət növlərinə aiddir. Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən 4399 icazə reyestrdə qeydiyyata alınıb və bu icazələrdən büdcəyə 103,5 min manat vəsait daxil olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə verilmiş icazələrin sayı 3 dəfə, daxilolmalar isə 85,2 faiz artıb.
İQTİSADİYYAT NAZİRLİYİNDƏ MİLLİ MƏTBUATIN 150 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
22.07.2025
İyulun 22-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə media nümayəndələri üçün “Açıq qapı” günü keçirilib.
Müxtəlif media qurumlarını təmsil edən jurnalistlərin iştirakı ilə keçirilən tədbirin məqsədi media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etmək, Naxçıvanda iqtisadi sahədə görülən işlər barədə onları məlumatlandırmaq və media ilə əməkdaşlığı gücləndirmək olub.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.
Tədbirin açılışında çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev mətbuat işçilərini salamlayaraq Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə təbrik edib, milli mətbuatın ölkənin sosial-iqtisadi inkişafındakı vacib rolunu qeyd edib.
