İQTİSADİYYAT NAZİRİ OPEC BEYNƏLXALQ İNKİŞAF FONDUNUN PREZİDENTİ İLƏ GÖRÜŞÜB
22.05.2025
Əlcəzairdə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti ilə görüşündə dayanıqlı inkişaf, resursların səmərəli istifadəsi və gündəlikdə olan digər məsələlər müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısında iştirak etmək məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasında səfərdədir.
İllik Toplantı çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüş keçirilib.
Görüşdə OPEC Fondu ilə Azərbaycan arasında mövcud əlaqələr yüksək qiymətləndirilib və bu əməkdaşlığın daha da gücləndirilməsi üçün birgə imkanların araşdırılmasının önəmi vurğulanıb. Regional və beynəlxalq iqtisadi inkişaf məqsədləri çərçivəsində tərəfdaşlığın əhəmiyyəti qeyd olunub.
NAXÇIVANDA 6 QEYRİ-YAŞAYIŞ SAHƏSİ HƏRRAC YOLU İLƏ ÖZƏLLƏŞİB
19.05.2025
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin müasir standartlara cavab verən yeni inzibati binasında dövlət mülkiyyətində olan 11 qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı ilk hərrac keçirilib. Şərur və Babək rayonlarından 7 yaşayış məntəqəsi üzrə müxtəlif xidmət sahələrinə aid dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri satışa çıxarılıb.
Hərracların Təşkili Mərkəzi tərəfindən özəlləşdirilməyə çıxarılan 11 qeyri-yaşayış sahəsi üçün 8 sifariş qəbul olunub. 6 qeyri-yaşayış sahəsi hərrac yolu ilə satılıb. Nəticədə 4 sifarişçi hərracın qalibi olub.
Rəqabətli keçən hərrac nəticəsində 2 əmlakın yekun satış qiyməti start qiymətindən yüksək olub. Belə ki, Şərur rayonunun Ərəbyengicə Kənd Xidmət Mərkəzində yerləşən gözəllik salonu ilkin satış qiymətindən 2,89 dəfə, bərbər salonu isə 2,63 dəfə yüksək qiymətə özəlləşdirilib.
“DÖVLƏT İNVESTİSİYA PROQRAMININ YENİ QAYDALARI ÜZRƏ” TƏLİM KEÇİRİLİB
19.05.2025
16 may 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları” mövzusunda onlayn təlim keçirilib. Təlimdə 33 dövlət orqanından 49 məsul şəxs iştirak edib.
Tədbirin açılışında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Qanunvericiliyin və proqramların icrasına nəzarət şöbəsinin müdiri Zakir Məmmədov çıxış edərək təlimin məqsədi, dövlət investisiya proqramlarının əhəmiyyəti və yenilənmiş qaydaların tətbiqi ilə bağlı məlumat verib. Təlimdə vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları yeni redaksiyada təsdiq olunub.
İQTİSADİYYAT NAZİRİ AYİB-NİN İLLİK TOPLANTISI ÇƏRÇİVƏSİNDƏ SESSİYALARDA VƏ GÖRÜŞDƏ İŞTİRAK EDİB
15.05.2025
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İllik Toplantısında iştirak məqsədilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarov Bankın Müdirlər Şurasının açılış və plenar sessiyalarında iştirak edib. Səfər çərçivəsində iqtisadiyyat naziri “Oliver Wyman Group” şirkətinin sənaye üzrə qlobal rəhbəri ilə görüşüb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının İllik Toplantısı çərçivəsində Bankın Müdirlər Şurasının açılış sessiyasında iştirak edib. Sessiya zamanı qlobal çağırışlar şəraitində iqtisadi resursların effektiv istifadəsi, iqlim fəaliyyətini dəstəkləyən infrastrukturun formalaşdırılması, rəqəmsal transformasiya, müasir biznes həllərinə investisiyalar, sənaye siyasəti və sosial təhlükəsizliklə bağlı qabaqcıl təcrübələr və potensial imkanlar müzakirə olunub.
AYİB-nin İllik Toplantısı çərçivəsində Bankın Müdirlər Şurasının Plenar Sessiyası keçirilib. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edib. AYİB-nin əməkdaşlıq etdiyi ölkələrə davamlı dəstəyi vurğulanıb. Qeyd olunub ki, ötən il AYİB üçün böyük investisiyalar və layihələrlə yadda qalıb ki, bu da Bankın beynəlxalq maliyyə sferasında artan təsirini nümayiş etdirir. AYİB ilə dövlət-özəl tərəfdaşlığının inkişafı, kiçik və orta müəssisələrə dəstəyin genişləndirilməsi kimi istiqamətlər üzrə əməkdaşlıq xüsusilə önəmlidir. Bununla yanaşı, Bankın qlobal iqtisadi artımın və yaşıl keçidin sürətlənməsinə təkan verən investisiyaları mühüm əhəmiyyət kəsb edir.
