İYULUN 3-DƏ NAXÇIVANDA HƏRRAC KEÇİRİLƏCƏK
03.06.2025
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 8 torpaq sahəsinin mülkiyyətə, 5 torpaq sahəsinin isə icarəyə verilməsi üçün bələdiyyə mülkiyyətində olan 13 torpaq sahəsi hərraca çıxarılıb.
Hərraca çıxarılan torpaq sahələrində müxtəlif biznes sahələrinin yaradılması nəzərdə tutulur.
Torpaq sahələrinin hərracında iştirak etmək üçün sifarişlər Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 06 ünvanında yerləşən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında qəbul olunur.
Hərracla bağlı daha ətraflı məlumatı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin rəsmi saytlarından əldə etmək olar.
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİNDƏ VƏTƏNDAŞ QƏBULU KEÇİRİLİB
31.05.2025
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, sualları cavablandırılıb.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev vətəndaşları qəbul edib.
Nazirliyin inzibati binasında təşkil olunan qəbula gələnlər güzəştli maliyyə dəstəyinin göstərilməsi, vergi, dövlət əmlakının özəlləşdirilməsi, əmlak üzərində hüquqların bərpası, işə qəbul, sahibkarlıq fəaliyyəti barədə müraciət ediblər.
Qəbul zamanı araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri izah olunub.
ABŞ İLƏ İQTİSADİ ƏLAQƏLƏR MÜZAKİRƏ OLUNUB
30.05.2025
ABŞ senatoru Stiv Deyns ilə görüşdə iqtisadi-ticarət əlaqələrinin inkişafı və Orta Dəhlizin perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşüb.
Görüşdə ölkəmizin ABŞ ilə münasibətlərin inkişafına önəm verdiyi vurğulanıb. Qeyd olunub ki, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif istiqamətlərində əməkdaşlığın möhkəmləndirilməsi xüsusilə əhəmiyyət kəsb edir.
Tərəflər qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin inkişafını müzakirə ediblər. Azərbaycanın etibarlı enerji tərəfdaşı, Avropa və Mərkəzi Asiya ölkələri arasında regional mərkəz kimi strateji mövqeyi, Orta Dəhlizin perspektivləri, investisiya, yaşıl enerji enerji, infrastruktur və sənaye sahələrində tərəfdaşlıq barədə fikir mübadiləsi aparılıb.
AZƏRBAYCAN İSLAM İNKIŞAF BANKI QRUPUNUN İLLİK TOPLANTISINA EV SAHİBLİYİ EDƏCƏK
23.05.2025
Əlcəzairdə Azərbaycanın 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyini təhvil alması ilə bağlı tədbir keçirilib.
İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı ildə İllik Toplantısı Azərbaycanda təşkil olunacaq. Bununla yanaşı, iqtisadiyyat naziri Mikayıl Cabbarov İİB Qrupunun Müdirlər Şurasının sədri təyin olunub.
Bununla əlaqədar İİB Qrupunun Əlcəzairdə keçirilən İllik Toplantısı çərçivəsində ev sahibliyini təhvilalma mərasimi keçirilib.
Tədbirdə iqtisadiyyat naziri, Azərbaycanın İslam İnkişaf Bankı üzrə müdiri Mikayıl Cabbarov İİB Qrupuna və üzv dövlətlərə ölkəmizə göstərilən yüksək etimada görə təşəkkür edib. Qeyd olunub ki, Azərbaycan 2010-cu ildə Bankın 35-ci İllik Toplantısına uğurla ev sahibliyi edib. Bu nüfuzlu tədbirə növbəti dəfə ev sahibliyi etmək Azərbaycanın çoxtərəfli əməkdaşlığa, üzv ölkələri birləşdirən ortaq dəyərlərə və məqsədlərə sadiqliyini bir daha təsdiqləyir. Tədbir Azərbaycanın islam maliyyə institutları ilə tərəfdaşlığının güclənməsinə və dayanıqlı iqtisadi inkişafa təkan verəcək.
