NAXÇIVANDA HƏRRACLARIN TƏŞKİLİ MƏRKƏZİ İSTİFADƏYƏ VERİLİB
29.04.2025
Aprelin 29-da Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin binasının açılışı olub. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli açılış tədbirində iştirak edib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin inzibati binasının foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə güllər qoyulub, dahi rəhbərin xatirəsi ehtiramla anılıb.
Nazirliyin binasında yeni yaradılmış şəraitlə tanışlıq olub. Məlumat verilib ki, foyedə Heydər Əliyev guşəsi yaradılıb, giriş və çıxışlara operativ nəzarət edilməsi məqsədilə turniket sistemləri quraşdırılıb. Həmçinin müasir standartlara cavab verən iclas zalı, vətəndaşların qəbulu otağı qurulub, iş otaqları müasir ofis mebelləri və avadanlıqlarla təchiz edilib. İclas zalında quraşdırılan interaktiv monitor görüş və tədbirlərin daha effektiv keçirilməsini təmin edir. Nazirliyin vətəndaşların qəbulu otağında daha yüksək xidmət keyfiyyəti və təhlükəsizlik standartlarının təmin edilməsi məqsədilə səsyazan kamera və monitor quraşdırılıb.
NAXÇIVANDA ELEKTRON XİDMƏTLƏRDƏN İSTİFADƏNİN DAİRƏSİ GENİŞLƏNİB
29.04.2025
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən elektron xidmətlərin ölkə üzrə vahid sistemlərə inteqrasiyası davam edir.
Bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Hərracların Təşkili Mərkəzinin açılış mərasimində bildirib.
Qeyd olunub ki, İqtisadiyyat Nazirliyi tərəfindən vətəndaşlara və sahibkarlara ümumilikdə 190 xidmət göstərilir, onlardan 110-u elektronlaşdırılıb, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və onun tabeli qurumları 9 elektron informasiya sisteminə inteqrasiya olunub.
Nazir müavini bildirib ki, bu inteqrasiya sayəsində vergi orqanlarında məlumatların saxlanılması və emalı prosesi asanlaşıb, eyni zamanda operativ informasiya mübadiləsi təmin edilib. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tətbiq edilmiş müasir vergi inzibatçılığı nəticəsində 1 yanvar 2023-cü illə müqayisədə 1 aprel 2025-ci il tarixə Asan imza sertifikatlarının sayı 2,2 dəfə artaraq 19534-dən 43643-ə çatdırılıb.
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİNDƏ İSTİFADƏ EDİLƏN RƏQƏMSAL YENİLİKLƏR TƏQDİM OLUNUB
29.04.2025
Naxçıvanın İqtisadiyyat Nazirliyində Azərbaycan Respubliksının İqtisadiyyat Nazirliyində tətbiq edilən “DocNet” Elektron Sənəd Dövriyyəsi Sistemi yenilənərək 1-ci nəsildən 5-ci nəsilə yüksəldilib, Nazirliyin strukturuna daxil olan və daxil olmayan tabeli qurumları “DOCNET” elektron sənəd dövriyyəsi sisteminə inteqrasiya olunub. Bu sistem digər informasiya resurslarına inteqrasiya imkanları yaradacaq. İP telefoniya sisteminin qurulması başa çatdırılıb.
Bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Hərracların Təşkili Mərkəzinin açılış mərasimində bildirib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin formalaşdırdığı 3 mühüm informasiya sisteminə inteqrasiya olunub, 5 informasiya sisteminə inteqrasiya istiqamətində işlər davam etdirilir.
NAXÇIVANDA MÜASİR HƏRRACLARIN TƏŞKİLİ MƏRKƏZİ İSTİFADƏYƏ VERİLİB
29.04.2025
Aprelin 29-da Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi”nin yeni binasının açılış mərasimi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Müslüm Cabbarzadə bildirib ki, Hərracların Təşkili Mərkəzinin fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə ümumi sahəsi 489 kvadrat metr olan yeni inzibati bina istifadəyə verilib. İki mərtəbədən ibarət olan binada iş otaqları, arxiv otağı və geniş hərrac zalı yaradılıb.
Müasir üslubda təmir olunan hərrac zalı ən son texnoloji avadanlıqlarla və multimedia vasitələri ilə təmin edilib. Burada hərrac iştirakçılarının rahatlığı və prosesin şəffaflığının təmin edilməsi məqsədilə yüksək texnologiyalara əsaslanan həllər tətbiq olunub.
