YAŞAYIŞ VƏ QEYRİ-YAŞAYIŞ OBYEKTLƏRİNİN TİKİNTİSİ NECƏ APARILMALIDIR?
05.02.2020
Hazırda muxtar respublikamızda tikinti sektoru sürətlə inkişaf edir. Sevindirici haldır ki, vətəndaşlar və sahibkarlar tərəfindən hər il yüzlərlə fərdi yaşayış evləri, çoxmərtəbəli yaşayış binaları, qeyri-yaşayış obyektləri, əmlak kompleksləri inşa olunur və istifadəyə verilir.
Daşınmaz əmlak obyektlərinin tikintisi zamanı məlumatsızlıqdan və ya bilərəkdən tikintiyə dair ümumi tələblərə riayət olunmaması sonradan mübahisələrə və fövqəladə hallar zamanı arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Buna görə də tikintiyə başlamazdan öncə iş icraçıları Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilən ümumi tələbləri bilməli və bu tələblərə əməl etməlidirlər.
Tikinti obyektinə dair tələblər
Hər hansı torpaq sahəsində tikinti obyektinin, xüsusən də binanın tikintisinə yalnız həmin torpaq sahəsinin avtomobil yoluna çıxışı olduğu hallarda yol verilir. Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir:
- yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır;
- sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir;
- istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır;
- səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir;
- istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır;
- enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmalıdır;
- əlillərin və hərəkət imkanları məhdud digər şəxslərin tikinti obyektindən istifadəsi ilə bağlı zəruri infrastruktura malik olmalıdır (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektləri);
- tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks edilməli, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır.
Əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədi ilə tikinti obyektlərinin layihələndirilməsi və tikintisi zamanı mülki müdafiə ilə bağlı tələblərə əməl olunması zəruridir.
Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları
Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır.
Dam örtükləri
Dam örtükləri atmosfer təsirlərinə qarşı dayanıqlı və yanğından mühafizə qaydaları ilə nəzərdə tutulmuş hallarda odadavamlı olmalıdır. Şüşə dam örtükləri və ya işıq keçirən başqa dam örtükləri, dam örtüklərindəki pəncərələr və şüşələnmiş hissələr yanğın baş verəcəyi təqdirdə onun binanın digər hissələrinə və ya qonşu sahələrə yayılmasının qarşısını almaq baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olmalıdır. Səkilərin, ictimai istifadədə olan digər ərazilərin və ya giriş-çıxış yollarının üzərinə çıxan dam örtüklərində hərəkət təhlükəsizliyinin tələb etdiyi hallarda, qarın və buzun düşməsinin qarşısını almaq məqsədilə mühafizə tədbirləri nəzərdə tutulmalıdır. Dam örtüyündə təmir-tikinti işləri aparılarkən şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş xüsusi təhlükəsizlik tədbirləri görülməlidir.
Pilləkənlər, pilləkən qəfəsləri, alaqapı çıxış və girişləri, dəhlizlər, keçidlər, rampalar və liftlər
Pilləkənlər, pilləkən qəfəsləri, alaqapı çıxış və girişləri, dəhlizlər, açıq keçidlər, rampalar və liftlər hərəkət üçün rahat və təhlükəsiz olmalıdır. Həmin elementlər ehtimal edilən hərəkət sıxlığı üçün yetərli miqdarda quraşdırılmalı və təxliyə tədbirlərinin həyata keçirilməsi üçün əlverişli olmalıdır. Yaşayış binalarının hər mərtəbəsinə azı bir, digər ictimai binaların hər mərtəbəsinə isə iki pilləkən (məcburi pilləkən) vasitəsi ilə giriş nəzərdə tutulmalıdır. Məcburi pilləkənlərin əvəzində siyirtmə (açılıb bağlanan) pilləkənlərin və ya eskalatorların istifadəsinə yol verilmir. Həmin pilləkənlərin əvəzində rampalar istifadə oluna bilər. Məcburi pilləkən birbaşa pilləkən qəfəsində nəzərdə tutulmalıdır. Bu tələb üç mərtəbəyədək yaşayış evlərinə və iki səviyyəli mənzillərə, iki mərtəbədən və iki mənzildən ibarət yaşayış binalarına, kənd və ya meşə təsərrüfatı təyinatlı binalara şamil olunmur. Birinci mərtəbəsinin döşəməsindən sonuncu mərtəbəsinin döşəməsinə qədər hündürlüyü 11,2 metrdən çox olan yaşayış binalarında həmçinin liftlər quraşdırılır. Liftlər təhlükəsizlik tədbirlərinə əməl edilməklə quraşdırılmalı və istifadə zamanı təhlükə yaranmasının qarşısını alan keyfiyyətə malik olmalıdır. Liftlərin yerləşdiyi obyektlərin sahibləri bu qurğuları saz vəziyyətdə saxlamağa borcludurlar.
Tikinti obyektlərinin təhlükəsiz istismarı ilə bağlı tələblər
Tikinti obyektinin təhlükəsiz istismarını təmin etmək üçün obyektin layihələndirilməsi mərhələsində aşağıdakılar nəzərə alınmalıdır:
- tikinti obyektinin təyinatına görə istismar şəraiti;
- ətraf mühitin tikinti obyektinə ehtimal olunan təsiri;
- tikintidə istifadə olunması nəzərdə tutulan tikinti materiallarının xassələri, tikinti materiallarının xassələrinin dəyişmə ehtimalı və onların təbiətin zərərli təsirlərindən mühafizəsinin mümkünlüyü.
Layihələndirmə zamanı dinamik yükləri və ya təsirləri qəbul edən konstruksiyalarda xüsusi mühafizə tədbirləri (rəqs söndürücüləri, vibroizolyasiya, qoruyucu konstruksiyaların perforasiyası və sairə) nəzərdə tutulmalıdır. Dinamik yüklərin təsirinə məruz qalan konstruktiv elementlər onların dayanıqlığı və möhkəmliyi ilə bağlı hesabatların nəticələri nəzərə alınmaqla layihələndirilməlidir.
Texniki avadanlıqların və cihazların quraşdırılmasına və istismarına dair tələblər
Texniki avadanlıq və cihazlar insan sağlamlığının, ətraf mühitin qorunması və təhlükəsizlik tələblərinə əməl edilmək şərti ilə quraşdırılmalı və istismar edilməlidir. Texniki avadanlıqlar və cihazlar saz vəziyyətdə saxlanılmalıdır. Həmin avadanlıqlara və cihazlara ixtisaslı işçi heyət tərəfindən xidmət göstərilməlidir. Hər hansı texniki avadanlıq və cihaz bina və ya qurğunun təhlükəsiz istismarına mane olduqda, təhlükəsiz istismara mane olan halların dərhal aradan qaldırılması avadanlıq və qurğuların sahibindən tələb edilir.
Ortaq divarlar
Ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər.
Yanaşı divarlar
Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Divarın mövcud qonşu divara paralel tikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda, həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəyyən tədbirlər görülməlidir.
Hasarların tikintisinə dair tələblər
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. İki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir. Mühəndis-kommunikasiya təminatı xətlərinin çəkilməsi üçün başqa əlverişli həll yollarının olmadığı təqdirdə, qonşu mühəndis-kommunikasiya təminatı xətlərinin öz sahəsindən keçməsinə icazə verməlidir. Qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Tikinti obyektinin istismarına icazə üzrə icraat
Tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsi məqsədi ilə tikinti obyektinin istismarına icazə verilməlidir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Tikinti obyektinin istismarına icazənin verilməsi üçün müraciətin təqdim edildiyi gündən 20 gün, ekspertizası keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə 10 gün, reklam qurğularına münasibətdə isə 5 iş günü müddətində obyektin istismarına icazə verilir və ya ümumi tələblərə uyğun inşa olunmayan tikilinin istismarına icazə verməkdən imtina edilir.
Tikinti obyektinin istismarına icazə verilməsindən imtina edildiyi halda tikili üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmır.
Nurlan Fətəliyev
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət
Xidməti Aparatının rəhbəri vəzifəsini icra edən