DAŞINMAZ ƏMLAK VƏ TORPAQ İDARƏÇİLİYİ SAHƏSİNDƏ YENİ YANAŞMALARIN REALLAŞDIRILMASI ZƏRURİDİR
24.05.2023
Məlum olduğu kimi, son dövrlərdə muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsində də yeni yanaşmaların reallaşdırılmasını zəruri edir. Xüsusilə bu sahədə vətəndaşlara göstərilən xidmətlərdə əlçatanlığın artırılması, əhalinin mülkiyyət hüquqlarının qeydiyyata alınmasında müasir idarəçiliyin tətbiqi və sair ön plana çıxır. Bu məsələlərlə bağlı suallarımızı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə cavablandırır.
– Müslüm müəllim, muxtar respublikada sosial-iqtisadi sahələrdə aparılan islahatlar daşınmaz əmlak və torpaq bazarını da əhatə edir. İlk olaraq torpaq məsələləri ilə bağlı ilin əvvəlindən görülmüş işlər haqqında məlumat verməyinizi xahiş edirik.
– Qeyd etmək istərdim ki, təsdiq edilmiş Dövlət proqramlarının müvafiq bəndlərinin icrası, torpaqların elektron uçotunun aparılması və təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətinin gücləndirilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi 2023-cü ilin yanvar-aprel ayları ərzində tərəfimizdən diqqətdə saxlanılmışdır. Belə ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı işlər davam etdirilmiş, Şahbuz rayonu, Naxçıvan şəhəri və ətraf yaşayış məntəqələri üzrə dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı yerləri (uqodiyalar), o cümlədən kommunikasiya xətləri dürüstləşdirilərək sistemin rəqəmsal kadastr xəritəsinə daxil edilmişdir.
Cari ilin ötən dövrü ərzində müxtəlif ərazilərdə geodeziya-ölçmə işləri yerinə yetirilmiş, müxtəlif məzmunlu və miqyaslı topoqrafik xəritələr, yerquruluşu və sxematik planlar hazırlanmışdır. Ümumilikdə, 4 ay ərzində 9 sifarişçi təşkilatın müraciəti əsasında 80-ə yaxın müxtəlif məzmunlu xəritə, plan və sxemlər hazırlanaraq aidiyyəti üzrə təhvil verilmişdir.
– Yəqin ki, bu işlərdə dövlət əhəmiyyətli layihələrin də reallaşdırılması üçün müvafiq işlər görülüb.
– Bəli, cari ilin əvvəlindən muxtar respublikada ciddi sosial-iqtisadi əhəmiyyət daşıyan irimiqyaslı layihələrin reallaşdırılması prosesinə start verilmişdir. Belə layihələrdən biri bərpa olunan enerji mənbələrindən istifadə etməklə muxtar respublikada elektrik enerjisi istehsalının artırılması və ixrac imkanlarının yaradılmasıdır. “Yaşıl enerji” layihələrinin reallaşdırılması məqsədilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 7992 hektar kənd təsərrüfatına yararsız ərazi müəyyənləşdirilmiş, torpaq sahələrinin yerləşdiyi yeri, ölçülərini və sərhədlərini göstərən yerquruluşu xəritələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.
Həmçinin muxtar respublikada yeni sənaye parkının yaradılması üçün ərazinin müəyyənləşdirilməsi və xəritələşdirilməsi istiqamətində də işlər aparılmışdır. Sədərək rayonu, Qaraağac kəndinin şərq istiqamətində sənaye parkı üçün təklif olunan 1500 hektar ərazi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla, 92 hektarı Qaraağac bələdiyyəsinin mülkiyyətində ümumi istifadədə olan, 657 hektarı Sədərək rayonunun, 751 hektarı isə Şərur rayon inzibati ərazi vahidinin sərhədləri daxilində dövlət mülkiyyətinə aid, qış otlaq sahələrinin qismən yararsız örüş otlaq sahələridir.
Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən “İqdır-Naxçıvan Qaz Boru Kəmərinin tikintisi” layihəsinin icrasına da başlanılmışdır. Layihənin dövlət əhəmiyyətli və strateji məqsəd daşımasını nəzərə alaraq İqdır-Naxçıvan Qaz Boru Kəmərinin tikintisi üçün mühafizə zonası ilə birlikdə 34,1 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur ki, bunun da 25,5 hektarı dövlət, 8,6 hektarı bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələridir. Artıq müvafiq torpaqayırma sənədləri hazırlanmış, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə qaz boru kəmərinin tikintisi layihələndirilən torpaq sahələri müvafiq kateqoriyaya aid edilmişdir.
– Yeri gəlmişkən, muxtar respublikada mövcud su ehtiyatlarının qorunması, səmərəli istifadəsi, nəzarətin gücləndirilməsi və suvarılan torpaq sahələrinin su ilə təminatının yaxşılaşdırılması da günün aktual problemlərindəndir. Xidmət tərəfindən bu istiqamətdə də, sözsüz ki, müəyyən işlər görülür.
– Əlbəttə, bu zəruri məsələnin həllində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti də bir sıra tədbirlər həyata keçirir. Belə ki, aktual informasiyaları özündə ehtiva edən suvarılan və dəmyə əkin torpaqlarının elektron xəritəsi hazırlanmışdır. Muxtar respublika ərazisində mövcud olan bütün çaylar, su anbarları, göllər, kanal və kollektorlar, təsərrüfatlararası arxlar xəritədə öz əksini tapmışdır. 107 nasos stansiyası, 931 subartezian quyusu, 389 kəhrizin yerləşmə mövqeyi, həmçinin nasos və subartezian quyulardan qidalanan su borularının həcmi, uzunluğu barədə məlumatlar rəqəmsal xəritəyə yığılmışdır. Hazırlanmış xəritə materialları muxtar respublikada su təminatının yaxşılaşdırılması ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan layihələrin hazırlanmasında istifadə olunacaqdır.
– Əvvəlki illərdən də məlumdur ki, sizin qurum tərəfindən davamlı olaraq əkinəyararlı torpaq sahələrinin uçot-qeydiyyatı aparılır. Bəzi torpaq sahələrinin yararlığı nəzərə alınaraq əkin dövriyyəsinə cəlb edilir. Hazırda bu sahədə işlər necə gedir?
– Torpaqlardan təyinatı üzrə və səmərəli istifadə olunmasına dövlət nəzarəti xidmətin əsas vəzifələrindən biridir. Cari ilin əvvəlindən başlayaraq bu il üçün muxtar respublika ərazisində əkin dövriyyəsindən kənarda qalan torpaq sahələri xəritələşdirilmiş və kadastr uçotu aparılmışdır. Müəyyənləşdirilmişdir ki, 7767 hektar suvarılması mümkün olan, əkinəyararlı torpaq sahəsinin 2629 hektarı Şərur rayonu, 3207 hektarı Kəngərli rayonu, 1546 hektarı Sədərək rayonu, 29 hektarı Babək rayonu, 355 hektarı isə Naxçıvan şəhərinin ərazisində, əsasən, Arazboyu ərazilərdə, dövlət və bələdiyyə mülkiyyətinə aid torpaq sahələridir. Eyni zamanda istifadə edilməyən dəmyə əkin sahələri də var. Belə ki, 1646 hektar dəmyə, əkinəyararlı torpaq sahəsinin 91 hektarı Şərur, 177 hektarı Babək, 310 hektarı Ordubad, 743 hektarı Culfa, 208 hektarı Şahbuz, 115 hektarı Kəngərli, 2 hektarı isə Sədərək rayonunun ərazisində, bələdiyyə mülkyyətinə aid torpaq sahələridir.
– Bəs istifadəsiz qalmış bu torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi istiqamətində nə kimi işlər aparılır?
– Muxtar respublikada sahibkarlıq mühitinin aktivləşməsi fonunda sahibkarların kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadəyə marağının artması müşahidə olunur. Yaxşı haldır ki, kənd təsərrüfatında qabaqcıl texnologiyalar əsasında innovativ layihələrin icrası üçün uyğun torpaq sahələrinin seçilməsi ilə bağlı müxtəlif sahibkarlar tərəfindən müraciətlər var və bu, torpaq sahələrinə olan tələbatın ödənilməsində müstəsna rol oynayacaqdır. Hazırda xidmətin müvafiq qurumları tərəfindən sahibkarların müraciətlərinə baxılır, onlara istifadəsiz ərazilərlə bağlı məlumatlar təqdim olunur. Əminliklə qeyd edə bilərik ki, yaxın müddətdə muxtar respublikada bütün sferalarda, o cümlədən torpaqla əlaqədar olan təsərrüfat sahələrində iri və səmərəli layihələrin reallaşmasının şahidi olacağıq.
– Müslüm müəllim, daşınmaz əmlak bazarı ölkəmizdə, eləcə də muxtar respublikamızda əhəmiyyətli paya malikdir. Əhalinin ildən-ilə artan tələbatını nəzərə aldıqda hər il bu sahədə müəyyən fəallığın nəzərə çarpdığını görürük. Hazırda vəziyyət necədir, bu aktivlik davam edirmi?
– Bəli, ölkəmizin iqtisadi inkişafı, əhali gəlirlərinin artımı, həmçinin ipoteka kreditlərinin əlçatanlığının artması daşınmaz əmlak bazarında aktivliyin ilbəil yüksəlməsinə səbəb olur. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı statistikaya nəzər saldıqda, bunu aydın şəkildə müşahidə etmək mümkündür. Belə ki, 2023-cü ilin ötən 4 ayı ərzində muxtar respublika üzrə 1026 torpaq sahəsi, 86 qeyri-yaşayış binası, 117 qeyri-yaşayış sahəsi, 574 mənzil, 1254 fərdi yaşayış evi, 4 çoxmərtəbəli yaşayış binası, 45 əmlak kompleksi kimi müəssisə olmaqla, ümumilikdə, 3106 daşınmaz əmlak obyekti, eyni zamanda 22 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır.
Daxil olmuş müraciətlər əsasında 1137 daşınmaz əmlakın texniki pasportu, 1266 torpaq sahəsinin planı və ölçüsü olmaqla, 2403 texniki sənəd hazırlanmışdır. 2750 texniki sənədin parametrləri daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilmişdir. Kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranmış hüquqlara dair 3943 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilmişdir.
Daşınmaz əmlakla bağlı əməliyyatların aparılması üçün 7062 ərizə qəbul olunmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dövlət qeydiyyatına alınan daşınmaz əmlak obyektlərinin sayı 29,5 faiz artmışdır.
– Muxtar respublikanın rayonlarında da yüksək aktivlik müşahidə olunurmu?
– Bəli. Ötən 4 ay ərzində xidmətin yerli qurumları tərəfindən, ümumilikdə, 887 əmlaka dair texniki pasport, 1157 torpaq sahəsinə dair plan-ölçü hazırlanmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xidmətin yerli qurumları tərəfindən hazırlanmış texniki pasportların sayı 74 faiz, plan-ölçülərin sayı 48 faiz artmışdır.
– Bilirik ki, rəhbərlik etdiyiniz xidmət tərəfindən artıq bir neçə ildir, əhaliyə müvafiq səyyari və elektron xidmətlər də göstərilir. Bu sahədə ümumi vəziyyəti necə qiymətləndirirsiniz?
– Vətəndaşlara səyyari xidmət göstərilməsi dövlətimiz tərəfindən xidmətin qarşısına qoyulmuş əsas tapşırıqlardan biridir. Təbii ki, burada da əsas məqsəd vətəndaş məmnuniyyətini təmin etməkdir. Müvafiq xidmətlərin səyyari qaydada göstərilməsinin təmin edilməsi ilə bağlı lazımi tədbirlər həyata keçirilmiş, maddi-texniki baza yaradılmış, xidmətin mərkəzi aparatından və rayon idarələrindən mütəxəssislər cəlb edilmişdir. Qeyd etmək istərdim ki, əvvəlcədən təsdiq olunmuş qrafik üzrə bu ilin ötən 4 ayı ərzində 31 yaşayış məntəqəsində vətəndaşlara səyyari xidmət göstərilmişdir. Yerlərdə qəbul edilmiş ərizələr əsasında mülkiyyət obyektləri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, çıxarışlar hazırlanaraq qısa müddət ərzində yerlərdə vətəndaşlara çatdırılmışdır.
Xidmət tərəfindən vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması daim diqqət mərkəzində saxlanılır. Hazırda səyyari xidmətlərlə yanaşı, fiziki və hüquqi şəxslərə 23 adda elektron xidmət də göstərilir. Vətəndaşların təklif edilən elektron xidmətlərdən rahat istifadəsini təmin etmək məqsədilə xidmətlər rəsmi internet səhifəmizdə (www.emlak.nakhchivan.az) yerləşdirilmiş və elektron hökumət portalına inteqrasiya olunmuşdur. Vətəndaşlara tələb olunan dövlət rüsumu və xidmət haqqını onlayn rejimdə, eyni zamanda POS-terminal vasitəsilə ödəmək imkanları yaradılmışdır. Ötən 4 ay ərzində xidmətin fəaliyyət istiqamətləri üzrə göstərdiyi elektron xidmətlərdən 410 müraciət daxil olmuş və icra edilmişdir.
Artıq vətəndaşlarımız daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yaradılmış daha bir imkandan yararlana biləcəklər. Sevindirici haldır ki, bu günlərdə Naxçıvan şəhərində ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə inşa edilən “ASAN xidmət” mərkəzi də fəaliyyətə başlamışdır. Mərkəzdə əhaliyə 360 sayda xidmət göstəriləcək ki, bunlardan da 4-ü daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərdir. Həyata keçirilən bütün bu tədbirlər vətəndaş məmnuniyyətinin artırılmasına yönəldilmişdir.
– Sonuncu sualımı ünvanlamaq istərdim. Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikasının 2023-cü ilin yanvar-aprel aylarının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə rəhbərlik etdiyiniz quruma da müvafiq tapşırıqlar verilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi tərəfindən müşavirədən irəli gələn vəzifələrin icrası məqsədilə Tədbirlər Planı təsdiq olunub. Verilən tapşırıqların mahiyyəti və bu istiqamətdə görüləcək işlər haqqında da oxucularımızı məlumatlandırmağınızı istərdik.
– Vacib bir məsələyə toxundunuz. Müşavirədə ötən 4 ay ərzində müxtəlif istiqamətlərdə görülmüş işlərə dair dinləmələr oldu, əldə edilmiş nailiyyətlər və yol verilmiş nöqsanlar geniş təhlil edildi, müvafiq tapşırıqlar verildi. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi tərəfindən qarşıda duran vəzifələrlə bağlı Tədbirlər Planında əksini tapan tapşırıqlara müvafiq olaraq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti torpaqlardan səmərəli istifadəyə nəzarəti daim diqqətdə saxlayacaq, torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi prosesinin qanunvericiliyə uyğun və operativ təşkilinə nail olmaq üçün səylərini səfərbər edəcəkdir. Eyni zamanda mülkiyyət hüquqlarının qeydiyyatı sahəsində də vətəndaş müraciətlərinin vaxtında və yüksək keyfiyyətlə icra edilməsi üçün tədbirlərimizi davam etdirəcəyik.
– Suallarımızı cavablandırdığınız üçün sağ olun.
Səbuhi HƏSƏNOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti