TORPAQLARDAN SƏMƏRƏLİ İSTİFADƏYƏ, ONLARIN MÜHAFİZƏSİ, UÇOTU VƏ XƏRİTƏLƏŞDİRİLMƏSİNƏ CİDDİ ÖNƏM VERİLİR
27.01.2021
“Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti öz işini qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində quraraq 2020-ci ili uğurla başa vurub. Torpaqlardan əhalinin səmərəli istifadə etməsi, bu qiymətli sərvətin mühafizə olunması üçün ilin əvvəlində hazırlanmış tədbirlər planına əsasən xeyli iş görülüb. Görülən işlərdə torpaqların uçotuna, xəritələşdirilməsinə də ciddi önəm verilib.
Məqsəd isə ondan ibarətdir ki, iqtisadiyyatın inkişafında mühüm rola malik olan kənd təsərrüfatında qazanılan uğurlar, əldə edilən müvəffəqiyyətlər daha da artırılsın, daxili bazarda yerli məhsulun həcmi çoxaldılsın. Bununla bağlı xidmətin Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyevlə həmsöhbət olduq. O, 2020-ci ildə görülmüş işlər və 2021-ci ildə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi. Öyrəndik ki, ötən il ərzində suvarılan torpaq sahələrinin genişləndirilməsi və su təminatının yaxşılaşdırılması məqsədilə Şahbuz rayonunun Külüs kəndi ərazisində 288, Mahmudoba kəndi ərazisində 37, Nursu kəndi ərazisində 15 hektar olmaqla, cəmi 340, Şahbuz rayonunun Sələsüz, Mərəlik və Türkeş kəndlərinin ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi aparılmış 270, Gilançaydan qidalanması nəzərdə tutulan suvarma xəttinin əhatə etdiyi Culfa rayonu üzrə 603, Ordubad rayonu üzrə 587 hektar olmaqla, cəmi 1190 hektar, Kəngərli rayonunun dövlət ehtiyat fondunda və Böyükdüz bələdiyyəsinin ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi aparılmış 810 hektar torpaq sahəsində, o cümlədən Araz Su Anbarı üzərində qurulacaq yeni nasos stansiyasından qidalanması nəzərdə tutulan suvarma şəbəkəsinin əhatə etdiyi 2091 hektar ərazidə topoqrafik planaalma işləri aparılıb, hazırlanmış xəritə materialları aidiyyəti orqanlara göndərilib.
NAXÇIVANDA DÖVLƏT TORPAQ İDARƏÇİLİYİNİN YARADILMASINDAN 100 İL ÖTÜR
12.10.2020
“Torpaq ölkənin, millətin, xalqın ən müqəddəs, ən qiymətli sərvətidir”.
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri
Torpaq tarixin bütün dövrlərində insan həyatı üçün xüsusi əhəmiyyət kəsb etmiş, insanlar üçün yaşayış, yurd yeri və qazanc mənbəyi olmuşdur.
Torpaq münasibətlərinin tənzimlənməsi üçün vahid dövlət idarəçiliyinə və ixtisaslı mütəxəssislərə həmişə ehtiyac duyulmuşdur. Ona görədir ki, 100 il əvvəl, Naxçıvan İnqilab Komitəsinin 1920-ci il 10 oktyabr tarixli qərarı ilə İnqilab Komitəsinin nəzdində ilk Torpaq şöbəsi yaradılmış, 18 yanvar 1924-cü ildə Naxçıvan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xalq Torpaq Komissarlığı təşkil edilmişdir. Sonrakı dövrlərdə Naxçıvanın torpaq idarəçiliyi sistemində yenə də müxtəlif dəyişikliklər baş vermişdir. 28 may 1946-cı il tarixdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Xalq Torpaq Komissarlığı Naxçıvan MSSR Kənd Təsərrüfatı Nazirliyi adlandırılmış və nazirliyin Torpaq şöbəsi yaradılmışdır.
XX əsrin 70-ci illərinədək bütün sahələrdə olduğu kimi ölkəmizdə, o cümlədən muxtar respublikamızda torpaq idarəçiliyi sistemində də bir çox problemlər qalmaqda idi. 1969-cu ildə ali rəhbərliyə yüksələn ümummilli lider Heydər Əliyev böyük uzaqgörənliklə Azərbaycan Respublikasının aqrar-sənaye komplekslərinin sürətli inkişafını təmin edən istiqamətləri müəyyənləşdirdi. Bunun nəticəsidir ki, həmin dövrdə ölkənin bütün regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatında da mühüm irəliləyişlərin əsası qoyuldu.
YAŞAYIŞ VƏ QEYRİ-YAŞAYIŞ OBYEKTLƏRİNİN TİKİNTİSİ NECƏ APARILMALIDIR?
05.02.2020
Hazırda muxtar respublikamızda tikinti sektoru sürətlə inkişaf edir. Sevindirici haldır ki, vətəndaşlar və sahibkarlar tərəfindən hər il yüzlərlə fərdi yaşayış evləri, çoxmərtəbəli yaşayış binaları, qeyri-yaşayış obyektləri, əmlak kompleksləri inşa olunur və istifadəyə verilir.
Daşınmaz əmlak obyektlərinin tikintisi zamanı məlumatsızlıqdan və ya bilərəkdən tikintiyə dair ümumi tələblərə riayət olunmaması sonradan mübahisələrə və fövqəladə hallar zamanı arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Buna görə də tikintiyə başlamazdan öncə iş icraçıları Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilən ümumi tələbləri bilməli və bu tələblərə əməl etməlidirlər.
Tikinti obyektinə dair tələblər
Hər hansı torpaq sahəsində tikinti obyektinin, xüsusən də binanın tikintisinə yalnız həmin torpaq sahəsinin avtomobil yoluna çıxışı olduğu hallarda yol verilir. Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir:
- yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır;
- sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir;
- istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır;
QONŞU TİKİLİLƏR ARASINDA MƏSAFƏ SAXLAMAQ ZƏRURİDİR
15.03.2019
Daşınmaz əmlakla bağlı qarşıya çıxan vacib məsələlərdən biri qonşu tikililər arasında ara məsafələrinin müəyyən edilməsi ilə bağlıdır. Vətəndaşların məlumatsızlığı üzündən və ya bilərəkdən bununla bağlı mövcud qaydalara əməl edilməməsi sonda qonşu mübahisələrinə, fövqəladə hallar zamanı arzulounmaz nəticələrə gətirib çıxara bilər. Odur ki, tikintiyə başlamazdan öncə, mülkiyyət sahibləri və ya tikinti layihəsinin icraçıları ara məsafəsinin saxlanması qaydalarını bilməli və buna əməl etməlidirlər.
Yaşayış məntəqələrinin baş və müfəssəl planlarının layihələrinin hazırlanması, həm yeni, həm də tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə binalar arasında, eləcə də binalarla tikinti ərazilərinin sərhədləri arasında saxlanılmalı olan məsafələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”da öz əksini tapmışdır.
Qaydalara görə, tikinti ərazisinin sərhədləri daxilində binanın xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir.