TORPAQ EHTİYATLARINDAN SƏMƏRƏLİ İSTIFADƏ DİQQƏT MƏRKƏZİNDƏDİR
02.08.2018
Muxtar respublikada aqrar islahatların həyata keçirilməsi, iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, emal müəssisələri şəbəkəsinin genişlənməsi, aqrar bölmənin sosial və sahə strukturuna ciddi təsir göstərib. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının möhkəmləndirilməsi məqsədilə əkinəyararlı torpaq sahələrinin səmərəli istifadəsinə diqqət artırılıb, torpaq ehtiyatlarının dövlət idarəetməsi mexanizmi mütəmadi olaraq təkmilləşdirilib. Son iki onillikdə muxtar respublikada kənd təsərrüfatının davamlı inkişafına yönəldilmiş kompleks islahatlar həyata keçirilib, aqrar sahənin inkişafına xidmət edən infrastruktur, texnika parkı, səmərəli kredit təminatı, proqram xarakterli idarəetmə formalaşdırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş və icrası uğurla başa çatdırılmış “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı (2005-2010-cu illər)”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, icrası uğurla davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2016-2020-ci illərdə Naxçıvan Muxtar
Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” aqrar bölmənin inkişafında ciddi dönüş yaradıb, müvafiq sahələr üzrə yüksək inkişaf göstəricilərinə nail olunub.Müasir mərhələdə aqrar bölmənin qarşısında dayanan, emal müəssisələrinin xammala, əhalinin keyfiyyətli ərzaq məhsullarına olan tələbatının tam şəkildə ödənilməsi, habelə ixracat imkanlarının genişləndirilməsi kimi mühüm strateji vəzifələr, kənd təsərrüfatının əsas istehsal vasitəsi olan torpaqlardan düzgün və səmərəli istifadəni günün vacib tələbinə çevirib.
Müvafiq dövlət proqramlarının icrası ilə əlaqədar olaraq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mütəxəssisləri tərəfindən muxtar respublika üzrə 1698 hektar şoranlaşmaqda olan, 5635 hektar qrunt sularının üzə çıxması nəticəsində çəmənləşən əkin sahələri, 2434 hektar şoranlaşan örüş sahələri müəyyən edilərək xəritələşdirilib, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göndərilib. Meyvəçiliyin inkişafı və yeni meyvə bağlarının salınması üçün yararlı, lakin istifadə olunmayan ərazilər müəyyənləşdirilib. Şərur rayonunda 222, Babək rayonunda 124, Culfa rayonunda 315, Ordubad rayonunda 183, Şahbuz rayonunda 93, Sədərək rayonunda 91, Kəngərli rayonunda 617, Naxçıvan şəhərində isə 47 hektar olmaqla, ümumilikdə, 1692 hektar dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsi plana alınıb, meyvə və tərəvəzçiliyin inkişaf etdirilməsi məqsədilə əkin dövriyyəsinə daxil edilib.
Naxçıvan şəhəri üzrə dövlət ehtiyat fondu torpaqlarında 25, qış otlaq sahələrində isə 177, cəmi 202 hektar; Babək rayonu üzrə dövlət ehtiyat fondu torpaqlarında 277, qış otlaq sahələrində 184 hektar olmaqla 461 hektar; Kəngərli rayonu üzrə dövlət ehtiyat fondu torpaqlarında 996, qış otlaq sahələrində 1030 hektar olmaqla 2026 hektar əkinə-yararlı torpaq sahəsi xəritələşdirilərək əkin dövriyyəsinə cəlb olunub.
Torpaq ehtiyatlarından səmərəli istifadə ilə bağlı dövlətin qarşıya qoyduğu vəzifələrin icrası üçün muxtar respublikanın bütün şəhər və rayonlarında yerli icra orqanları, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin iştirakı ilə torpaqlardan qanunsuz istifadə hallarının aradan qaldırılması və düzgün istifadəsi ilə bağlı maarifləndirici tədbirlər təşkil olunmuşdur. Muxtar respublikanın rayonları üzrə tərtib olunmuş əkin atlasları, hər bir bələdiyyənin torpaq xəritəsi, kənd təsərrüfatına yararlı torpaq sahələrinin qida maddələri ilə təminolunma kartoqramları yerli icra orqanlarına və bələdiyyələrə təqdim edilmişdir. Əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi və digər məqsədlər üçün istifadə hallarının qarşısının alınması ilə bağlı verilmiş tapşırıqların icrası üçün torpaqlardan səmərəli istifadə və onların mühafizəsinə dair mütəmadi monitorinqlər aparılmış, qanunsuz istifadə edilən torpaq sahələri müəyyənləşdirilərək əvvəlki vəziyyətinə qaytarılmışdır.
Muxtar respublikada aparılan torpaq islahatı, torpaqların mühafizəsi və münbitliyinin artırılması tədbirləri nəticəsində 2000-ci ildə kənd təsərrüfatına yararlı torpaq sahələri 169990 hektara, əkin aparılan torpaq sahələri isə 37024 hektara çatdırılmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən davamlı dövlət qayğısı sayəsində 2010-cu ildə kənd təsərrüfatına yararlı torpaq sahələri 175263 hektar, əkin aparılan torpaq sahələri 59203 hektar ərazini əhatə etmişdir. 2015-ci ildə muxtar respublika üzrə bu rəqəmlər müvafiq olaraq 177219 hektar və 61423 hektara qədər yüksəlmiş, çoxillik əkmələr 5846 hektara çatdırılmışdır.
Aparılmış sistemli bərpa tədbirləri nəticəsində son 22 ildə 21474 hektar yararsız torpaq sahəsi abadlaşdırılaraq kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmişdir. Beləliklə, kənd təsərrüfatına yararlı torpaq sahələri 2017-ci ildə 177260 hektara yüksəldilmişdir ki, bunun da 61531 hektarını əkin, 6060 hektarını çoxillik əkmələr, 628 hektarını dincə qoyulmuş sahələr, 3040 hektarını biçənəklər, 106001 hektarını örüş sahələri təşkil etmişdir.
Göstərilən dövlət qayğısının nəticəsi olaraq 2005-ci illə müqayisədə 2017-ci ildə meyvə əkinlərinin sahəsi 1013 hektar, yaxud 4,1 dəfə, üzümlüklərin sahəsi 123 hektar, yaxud 2,1 dəfə artmışdır. Bəhs olunan dövrdə çoxillik əkmələrin sahəsi 973 hektar artaraq 6060 hektar təşkil etmişdir. Davamlı olaraq həyata keçirilən yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirləri sayəsində 2017-ci ildə muxtar respublikada meşə və meşə zolaqlarının sahəsi 3278 hektara çatdırılmışdır.
Əkin sahələrinin genişləndirilməsi, torpaqlardan səmərəli istifadə olunması və bol məhsul istehsalının təmin edilməsi üçün müasir meliorasiya və irriqasiya sistemlərinin və rentabelli suvarma şəbəkələrinin qurulması davamlı xarakter almışdır. Muxtar respublikada meliorasiya-irriqasiya sistemlərinin təkmilləşdirilməsinə göstərilən dövlət qayğısı, torpaqların münbitliyinin qorunması və yüksəldilməsi tədbirləri sayəsində az məhsuldar və istifadəsiz torpaqlar da əkin dövriyyəsinə cəlb edilmişdir. Araz çayı və Uzunoba su anbarından çəkilən suvarma xətlərinin yenidən qurulması nəticəsində su təminatı yaxşılaşdırılmış və yeni torpaq sahələri su ilə təmin olunmuşdur. 2015-ci ildə Vayxır sol sahil kanalından qidalanan və 2200 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma və drenaj şəbəkəsi istifadəyə verilmiş, 2016-cı il ərzində Babək rayonunda 565 hektar, Kəngərli rayonunda 117 hektar torpaq sahəsində, 2017-ci ildə Kəngərli rayonunun Böyükdüz kəndində 407 hektar torpaq sahəsində suvarma şəbəkəsi qurulmuş və həmin torpaq sahələri əkin dövriyyəsinə qatılmışdır. 2018-ci ilin mart ayından etibarən Kəngərli rayonunda 410 hektar ərazini əhatə edəcək yeni qapalı suvarma şəbəkəsinin qurulmasına başlanılmışdır.
Meliorasiya və irriqasiya sistemlərinin inkişafı istiqamətində görülmüş tədbirlərin nəticəsi olaraq 2017-ci ildə muxtar respublika üzrə suvarılan torpaq sahələri 60768 hektara çatdırılmışdır ki, bu da həyətyanı torpaq sahələri də daxil olmaqla kənd təsərrüfatına yararlı torpaq sahələrinin 34,3 faizini təşkil edir. 1995-ci illə müqayisədə suvarılan torpaq sahələri 5101 hektar artmışdır.
Naxçıvan Muxtar Respublikası üzrə 2017-ci ildə həyətyanı torpaq sahələri də daxil olmaqla cəmi əkin sahələri 61531 hektar təşkil etmişdir. Əkin sahələrinin 4204 hektarı dövlət, 10063 hektarı bələdiyyə, 47264 hektarı isə xüsusi mülkiyyətdə qeydə alınmışdır. Xüsusi mülkiyyətdə olan əkin sahələrinin 8544 hektarı həyətyanı torpaq sahələrinin əkin altında olan hissəsidir. Beləliklə, 1995-ci illə müqayisədə həyətyanı torpaq sahələri də daxil olmaqla, cəmi əkin sahələri 33114 hektar, yaxud 2,2 dəfə artmışdır.
2017-ci ildə cəmi əkin sahələrinin Naxçıvan şəhərində hamısını, Kəngərli rayonunda 94,4 faizini, Şərur, Ordubad və Sədərək rayonlarında 89 faizini, Babək rayonunda 77 faizini, Culfa rayonunda isə 59 faizini suvarılan torpaq sahələri təşkil etmişdir.
Göründüyü kimi, kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyinin gücləndirilməsi istiqamətində həyаtа kеçirilən tədbirlər nəticəsində muxtar rеspublikа əhаlisinin kеyfiyyətli ərzаq məhsullаrı ilə təmin оlunmаsında, kənd təsərrüfаtının bütün sаhələrinin inkişаfında əvəzsiz rola malik olan torpaqlardan istifadənin səmərəliliyi artırılmış, əkinəyararlı torpaq sahələri genişləndirilmiş və su ilə təminatı yaxşılaşdırılmışdır. Bütün bunlar isə aqrar sahənin iqtisadi göstəricilərinin dinamik yüksəlişində öz ifadəsini tapmışdır. Belə ki, kənd təsərrüfatının ümumi məhsulu 1995-ci ildəki 385 milyon 722 min manatlıq göstəricidən 2017-ci ildə 453 milyon 365 min manata çatdırılmışdır. Bu isə 11,7 dəfə artım deməkdir.
Təhlil göstərir ki, ötən dövr ərzində muxtar respublikada torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, meliorasiya və irriqasiya sistemlərinin qurulması, maddi-texniki bazanın möhkəmləndirilməsi, səmərəli kredit mexanizminin tətbiqi, dövlət yardımlarının verilməsi və aqrotexniki tədbirlərin gücləndirilməsi aqrar sahənin dinamik inkişafının möhkəm təməlini yaratmışdır.
Naxçıvan Muxtar Respublikası ərazisində meliorativ tədbirlərin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 may 2018-ci il tarixli Sərəncamı ilə “Pivot” layihəsi çərçivəsində 1000 hektar əkin sahəsində müasir suvarma sistemlərinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə 5 milyon manat vəsaitin ayrılması su resurslarından qənaətlə istifadəyə imkan yaratmaqla yanaşı əkin sahələrinin su təminatının daha da yaxşılaşdırılması, torpaqlardan düzgün və səmərəli istifadə edilməsi istiqamətində kənd təsərrüfatı istehsalçılarına göstərilən dövlət dəstəyinin daha bir ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 2 aprel tarixli Fərmanı inkişafın növbəti mərhələsində torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, torpaqların elektron uçotunun aparılması yolu ilə torpaq ehtiyatlarından daha səmərəli istifadənin təmin edilməsi üçün olduqca mühüm əhəmiyyətə malikdir.
Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması nəticəsində muxtar respublikanın torpaq fondunun təyinatı, istifadə növü, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dəqiq və müfəssəl kadastr uçotu təmin olunacaq, torpaq ehtiyatlarının istifadəsinə dövlət nəzarəti daha da güclənəcəkdir. Torpaq fondunun dəqiq uçotunun aparılması istifadəsiz ərazilərin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsini sürətləndirəcəkdir. Torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsi, münbitliyinin qorunması ekoloji təmiz kənd təsərrüfatı məhsulu istehsalının artırılmasına və aqrar bölmənin yeni inkişaf mərhələsinə yüksəlməsinə əlverişli şərait yaradacaqdır.