TORPAQDAN QANUNSUZ İSTİFADƏ MƏSULİYYƏT YARADIR
15.09.2022
Muxtar respublikamızda aqrar sektorun inkişafı və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının möhkəmləndirilməsi məqsədilə torpaq sahələrinin səmərəli istifadəsinə xüsusi diqqət göstərilir, uzun müddət əkilməyən münbit torpaqların su təminatı yaxşılaşdırılır, yeni suvarma şəbəkələrinin qurulması ilə hektarlarla torpaq sahələri əkin dövriyyəsinə qatılır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar rеspublikа əhаlisi yerli istehsal hesabına kеyfiyyətli ərzаq məhsullаrı ilə təmin оlunur, tələbatdan artıq bir sıra kənd təsərrüfatı məhsullarının ixracı həyata keçirilir. Lakin, torpaqlardan səmərəli istifadə ilə bağlı dövlət səviyyəsində aparılan işlərə baxmayaraq, vətəndaşlar tərəfindən torpaqlardan təyinatına uyğun olmayan məqsədlər üçün istifadə və torpaqların özbaşına tutulması, həmin ərazilərdə qanunsuz tikililərin aparılması hallarına hələ də rast gəlinir.
Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrini aparan orqan tərəfindən mülkiyyətçiyə verilən sənədlər əsasında təyin edilir. Torpaq qanunvericiliyində isə qeyd olunur ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında reallaşdırılır.
Torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə torpaq sahəsini özbaşına tutma hesab olunur. Bu isə qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı həm də məsuliyyətə səbəb olur.
Azərbaycan Respublikasının torpaq qanunvericiliyi torpaqların özbaşına tutulmasını qadağan edir. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsində qeyd olunur ki, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd olunan əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə isə üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparanlar isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər. Bu cür əməllərin təkrar törədilməsinə, eyni zamanda şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsinə görə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Bu əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə isə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
Torpağa münasibətdə sadalananların ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cür əməllərin törədilməsi torpaqdan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozmaqla yanaşı, həm də torpaqların təyinatının dəyişməsinə, münbitliyinin itirilməsinə səbəb olur. Bu cür halların qarşısının alınması, torpaqlardan təyinatına uyğun səmərəli istifadənin təmin edilməsi məqsədi ilə torpaq müfəttişləri tərəfindən yerlərdə mütəmadi monitorinqlər aparılır, aşkar edilmiş qanun pozuntuları ilə bağlı qanunvericiliyə uyğun tədbirlər həyata keçirilir. Ona görə də torpaq mülkiyyətçiləri, icarəçiləri və istifadəçiləri xoşagəlməz hallarla qarşılaşmamaq üçün məsuliyyətə səbəb olan əməllərdən çəkinməli, torpaqlardan qanunvericiliyin tələblərinə uyğun və məqsədyönlü şəkildə istifadə etməlidirlər.
Naxçıvan Muxtar Respublikasının
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə
Dövlət Xidmətinin mətbuat xidməti