Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - İNNOVASİYALAR VƏ ONLARIN İDARƏ EDİLMƏSI MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

İNNOVASİYALAR VƏ ONLARIN İDARƏ EDİLMƏSI MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

25.04.2019

  Aprelin 25-də Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin hamiliyinə verilmiş “Torpaqşünaslıq və aqrokimya”, “Geodeziya və xəritəçəkmə mühəndisliyi” ixtisaslarında təhsil alan tələbələrə “İnnovasiyalar və onların idarə edilməsi” mövzusunda təlim keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru Saleh Məhərrəmov açıb.
    Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə hamiliklə bağlı qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

  Qeyd olunub ki, Komitədə hər tədris ilinin əvvəlində hamiliklə əlaqədar iş planları təsdiq olunub.Tələbələrlə intensiv görüşlər keçirilib, tədrisə köməklik məqsədi ilə onlara dərsliklər, dərs vəsaitləri, elektron dərsliklər, müxtəlif məzmunlu xəritə materialları hədiyyə olunub. Komitənin mütəxəssisləri tərəfindən müvafiq fənlər ilboyu tədris olunub. Tələbələrin Komitənin bazasında praktiki məşğələlər keçmələri təmin edilib, geodeziya-ölçü avadanlıqlarıdan ilkin istifadə vərdişləri öyrədilib.

    Çöl şəraitində tələbələrin sınaq geodeziya ölçmələrində iştirakı təmin olunub. Yay tətili müddətində 3 tələbə 3 aylıq əmək müqaviləsi bağlanılmaqla ödənişli işlərə cəlb olunub.
    Komitənin sədri bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamı ilə “ideyadan başlanğıca” devizi altında innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin həyata keçirilməsi hamiliyə verilən təhsil müəssisələri və hami təşkilatlar qarşısında əsas vəzifə kimi müəyyənləşdirilib. Qarşıya qoyulmuş vəzifələrin icrasının təmin edilməsi, təhsil müəssisələrinin Komitənin hamiliyinə verilmiş ixtisasları ilə işin təşkili, yeni layihələrin həyata keçirilməsi məqsədi ilə Komitədə ictimai əsaslarla fəaliyyət göstərən “Tədris-İnnovasiya Mərkəzi” yaradılıb. Mərkəz hamiliyə verilən ixtisaslarda nəzəri və təcrübi məşğələlərin keçirilməsini, tələbələrlə işin təşkilini, layihələrin qəbulunu, ekspert qrupları yaratmaqla dəyərləndirilməsini və təqdimatlarının keçirilməsini təmin edəcək.
  Tələbələrlə əlaqələrin intensivliyini təmin etmək, yeni ideyaların formalaşdırılması, startapların yaradılması məqsədi ilə hər həftənin şənbə günü Komitədə “Startap günü” elan olunub.
   Sonra Komitə Aparatının rəhbəri Nurlan Fətəliyev tərəfindən “İnnovasiyalar və onların idarə edilməsi” mövzusunda təlim keçirilib. Slayd vasitəsi ilə tələbələrə innovasiyalar, onların xüsusiyyətləri, təsnifatı, formalaşdırılma mərhələləri, innovasiya üçün ilkin şərtlər, startaplar haqqında ətraflı məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Baxılıb: 702