Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DUZ MUZEYİ ZİYARƏT OLUNUB

DUZ MUZEYİ ZİYARƏT OLUNUB

20.04.2019

   Aprelin 20-də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin və Komitənin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun kollektivləri Naxçıvan Duz Muzeyini ziyarət ediblər.
   Məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 sentyabr 2017-ci il tarixli Sərəncamına əsasən yaradılıb. Muzeyin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu dünyaya çatdırmaq, aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını və təbliğini təmin etməkdir.
   Qeyd olunub ki, beş min illik tarixə malik Naxçıvanda şəhər mədəniyyətinin əsasını duzçıxarma və duz mədənçiliyi təşkil edib. Naxçıvan duzdağından eramızdan əvvəl V əsrdən mədən üsulu ilə duz çıxarılıb ki, bu da dünyada bu yolla duzun ilk emalı təcrübəsidir. Arxeoloji qazıntılar zamanı burada müxtəlif dövrlərə aid daş alətlərlə yanaşı, Eneolit və İlk Tunc dövrlərinə aid keramika məmulatları da aşkar olunub.

 Tanışlıq zamanı muzeydə nümayiş olunan daş alətlər - çəkic, həvəngdəstə, çapacaq və baltalar, saxsıdan və gildən hazırlanmış duz qabları, duz torbaları və digər eksponatlar Naxçıvan duzdağının qədim tarixi barədə əməkdaşlarda dolğun təəssürat yaradıb.

Baxılıb: 670