Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TORPAQLARDAN İSTİFADƏYƏ DÖVLƏT NƏZARƏTİ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR

TORPAQLARDAN İSTİFADƏYƏ DÖVLƏT NƏZARƏTİ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR

07.04.2021

Muxtar respublikada əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən mart ayında da diqqətdə saxlanılmışdır.

“Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 mart 2021-ci il tarixli Sərəncamına uyğun olaraq Şərur və Sədərək rayon inzibati ərazi vahidlərinin təsdiq olunmuş yeni sərhədlərinin döngə nöqtələrinin koordinatları naturaya köçürülmüşdür.

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na və Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq Şərur, Kəngərli və Ordubad rayonlarında torpaqların münbitliyinin artırılması, əkin atlaslarına uyğun əkinlərin aparılması ilə bağlı maarifləndirici seminar-müşavirələr keçirilmişdir.

Ay ərzində Naxçıvan şəhəri, Babək və Şahbuz rayonları ərazisində mövcud olan kanal, kollektor və drenaj şəbəkələrinin əhatə etdiyi ərazilərin topoqrafik xəritələri hazırlanmışdır. Kəngərli və Sədərək rayonlarının ərazi vahidləri üzrə həyətyanı və pay torpaq sahələrinin elektron kadastr xəritələri yenilənərək məlumat bazasına yerləşdirilmişdir. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur rayonunun Çəmənli, Arpaçay, Çərçiboğan, Çomaxtur və Ələkli kəndlərinin ərazisində monitorinqlər aparılmışdır. Kəngərli rayonunun Qarabağlar, Şahtaxtı, Böyükdüz, Qabıllı, Xıncab, Təzəkənd və Yurdçu kəndlərinin ərazisində aşkar olunmuş torpaqlardan qanunsuz istifadə faktlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilmişdir.

Torpaqların elektron uçotunun aparılması məqsədi ilə Culfa və Ordubad bələdiyyələri üzrə bütün torpaq sahələrinin elektron kadastr uçotu informasiya sisteminə yerləşdirilməsi başa çatdırılmışdır.

Ötən ay 540 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, 428 texniki sənəd hazırlanmış, yeni yaranmış 25 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 92 torpaq sahəsinin plan ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. Səyyar xidmət vasitəsilə 7 yaşayış məntəqəsində 33 vətəndaşın müraciətinə baxılmış, 1 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, 6 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilmiş, təsərrüfat fəaliyyəti ilə əlaqədar 3 ailə təsərrüfatının icarəsinə verilmiş 0,23 hektar torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır.

 

Baxılıb: 366